Mübariz Qurbanlı aksiyadan danışdı
12 Yanvar 2013 19:10 (UTC+04:00)
"Bu gün Azərbaycan Ordusunun əsgəri Ceyhun Qubadovun ölümü ilə
əlaqədar bir qrup gəncin Bakının Fəvvarələr meydanına təyin etdiyi
aksiya dinc şəraitdə keçirildi, onlar öz şüarlarını səsləndirdilər
və onların səsləri eşidildi".
Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP)
icra katibinin müavini, deputat Mübariz Qurbanlı deyib.M. Qurbanlı
aksiyada Azərbaycan polisinin peşəkarlıq nümayiş etdirdiyini də
bildirib. Onun sözlərinə görə, aksiya razılaşdırılmamış olsa da,
polis iştirakçılarla sakit və peşəkar davranıb: "Aksiya
iştirakçıları öz fikirlərini səsləndirdilər. Onların şüarları
"Şəhidlər ölməz, vətən bölünməz!", "Ən böyük əsgər Azərbaycan
əsgəri!" və sair əsgər ölümünə görə cavabdeh olanlarla bağlı
idi".
M. Qurbanlı deyib ki, Nizamnamədən kənar olaraq istənilən
Azərbaycan əsgərinin ölümünü hamı, o cümlədən YAP da pisləyir: "Biz
də Ceyhun Qubadovun ölümü ilə bağlı partiyamızın mövqeyini
bildirmişik, təqsirkarların tapılmasını biz də səbirsizliklə
gözləyirik. Respublika Prokurorluğu bununla bağlı çox operativ
fəaliyyət göstərir, bildiyiniz kimi cəzalandırılanlar da var".
M. Qurbanlı qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi daim diqqət
mərkəzindədir. YAP icra katibinin müavini onu da deyib ki, əsgər
ölümündən siyasi məqsədlər üşün istifadə olunmasına fürsət
verilməməlidir: "Bu günkü aksiyada da xüsusilə "Azadlıq" radiosunun
əməkdaşı Xədicə İsmayıl və bir qrup şəxs öz məqsədləri üçün
istifadə etməyə cəhd göstərdi. Mən özüm də müşahidə etdim. Onlar
gənclərin "Əsgər ölümünə son!", "Şəhidlər ölməz, vətən bölünməz!"
şüarından istifadə edərək, aksiyanın yönünü öz siyasi məqsədlərinə
doğru yönəltmək istəyirdilər. Xüsusilə Xədicə İsmayıl bir qrup
gənci başına yığaraq təxribat xarakterli şüarlar səsləndirməyə
başlamışdı. Bizim partiyanın qarşısına gələrək hay-küy salırdılar.
Onların istəyi ilə aksiyaya toplaşan gənclərin şüarı fərqli
idi".
M.Qurbanlı deyir ki, bütün bunlara baxmayaraq təxribatçıların
qarşısı alındı və aksiya dinc başa çatdı: "Gənclər toplaşdı,
çağırışlarını etdilər və eşidildilər".
Qeyd edək ki, bu gün Bakıda əsgər ölümünə etiraz olaraq, gənclərin
aksiyası keçirilib.