Neft daşıyan qatar qəzaya uğradı

13 Yanvar 2013 14:00 (UTC+04:00)

Yanvarın 12-də saat 22.30 radələrində Hacıqabul rayonunun Pirsaat qəsəbəsində Gürcüstan istiqamətində hərəkət edən 40 vaqondan ibarət yük qatarının xam neftlə dolu 5 sisterni relsdən çıxaraq aşıb.  Sisternlərdən 3-ü yanmağa başlayıb. Güclü alov bir neçə metr hündürlüyə qalxıb.  Hadisə yerinə ümumilikdə 25-ə yaxın yanğınsöndürən maşın cəlb olunub. Yanğın saat 02.23-də yanğınsöndürənlər tərəfindən söndürülüb. "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov APA-nın hadisə yerində olan əməkdaşına açıqlamasında qeyd edib ki, yük qatarı Azərbaycanın Səngəçal neft terminallından Gürcüstanın Batumi limanına hərəkət edib. "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndəsi qeyd edib ki, hadisə baş verəndən sonra dəmir yolunda bu marşrutla hərəkət edən sərnişin qatarı olmayıb. Onun sözlərinə görə, səhər saatlarına kimi bu xətlə sərnişin qatarlarının hərəkəti nəzərdə tutulmayıb. Qurban Nəzirovqeyd edib ki, səhərə qədər qəza baş verən dəmir yolu xətti tam bərpa olunacaq. Qeyd edək ki, təhlükəsizlik baxımından, hadisə yerinə yaxın olan evlərin sakinləri təxliyə olunublar. Hadisə yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov da gedib.