Qənirə Paşayeva Heydər Əliyev Fondundan ayrıldığını təsdiqlədi

13 Yanvar 2013 15:06 (UTC+04:00)

Millət vəkili Qənirə Paşayeva bir neçə gündür ki, barəsində mediada yayılmış xəbərlərlə bağlı açıqlama yayıb. Movqe.az bildirir ki, Q. Paşayeva açıqlamasında bir neçə gündür ki, bəzi internet səhifələrində və agentliklərdə yayılan məlumatların həqiqətəuyğun olmadığını qeyd edib. Millət vəkili Heydər Əliyev Fondundan guya uzaqlaşdırılması barədə xəbərlərdən bəhs edib və bildirib ki, ""Azadlıq" qəzetinin bu gün qərəzli və birtərəfli informasiyası isə bardağı daşıran son damla" olub: " Məlumatda mənim özümü guya təbliğ etdiyim, bununla əlaqədar Fonddan uzaqlaşdırıldığım iddia olunur".
Q. Paşayeva deyib ki, xəbərlər yazılarkən onunla əlaqə saxlanılmayıb, mövqeyi öyrənilməyib. Q. Paşayeva qeyd edib ki, 2005-ci ildə hələ millət vəkili seçilməzdən öncə Fondun prezidenti Mehriban Əliyeva tərəfindən ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsinə dəvət edilib. O qeyd edib ki, bu dəvəti qəbul edib və fondda fəaliyyət göstərib. Lakin 2010-cu ildə parlamentə təkrar seçildikdən sonra o, həm  AŞPA-da, həm də AVRONEST PA-da təmsil olunub, bir sıra yeni və ölkəmiz üçün vacib parlamentlərarası dostluq qruplarında təmsil olunub, buna görə də xarici səfərləri mütəmadiləşib, tədbirlərin,  toplantıların,  görüşlərin sayı artıb: "Bu isə Fondun prezidenti Mehriban Əliyeva tərəfindən heç bir zaman hansısa kiçik də olsa narazılıqla deyil, tam əksinə, böyük  dəstəklə  müşahidə  olundu.  Bəzən bir ayın yarısını, bəzən ən azı on gününü daşıdığım digər vəzifələrlə bağlı xarici səfərlərdə olmağa başladım.  Heydər Əliyev Fondu  isə bu gün Azərbaycanda ən böyük nazirliyin işindən də bəlkə daha böyük fəaliyyətə malikdir, bu təşkilatda İctimaiyyətlə Əlaqələr Departamentinin, onun rəhbərinin də üzərinə xeyli iş düşür. Bunun üçün bu vəzifəni daşıyan insanın daha çox ölkə daxilində olması,  burdakı işlərlə mütəmadi məşğul olmaq üçün günün böyük bir hissəsini məhz bu işə ayırması vacibdir".
Q. Paşayeva buna görə də təxminən yarım il əvvəl özünün Fondun prezidenti Mehriban Əliyevaya müraciət edərək, vəzifədən getməyinə icazə istədiyini qeyd edib: "Özüm ərizə yazaraq bir neçə ay bundan əvvəl Fonddakı vəzifədən ayrıldım. Heydər Əliyev Fondunun  prezidenti Mehriban Əliyeva və  Fondun bütün kollektivi  ilə  gözəl  münasibətlər də, əməkdaşlıq  da  davam  edir, bu gün də Heydər Əliyev Fonduna məxsus binada əvvəlki otağımda otururam.  Ümid edirəm ki, bu açıqlamam "dostları" və məni özlərinə düşmən elan edənlərin "narahatlıqlarını" aradan qaldıracaq".
Q. Paşayeva açıqlamasında bəzi mesajlar da göndərib: "Hansısa siyasi məqsədlər güdərək, məni  müəyyən oyunlarına çəkmək  istəyənlərə isə demək istəyirəm ki, mən sizin  düşündüyünüz adam  deyiləm! Mənim bir üzüm var!  Bu  məlumatları yayanların arxasında duranları, jurnalistika pərdəsi arxasında öz çirkin oyunlarını  oynayanların kimlər olduğunu və  niyyətlərini də çox yaxşı  bilirəm və demək istəyirəm ki, mən sizin kimilərin çirkli oyunlarında  heç zaman  iştirak etməyəcəm!  Özünüzü çox yormayın"