Mehriban Əliyeva “Nargis” jurnalının təqdimatında iştirak edib

14 Yanvar 2013 12:00 (UTC+04:00)

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rus dilində məşr edilən "Nargis" jurnalının ilk nömrəsinin rəsmi təqdimatı ilə bağlı keçirilən tədbirdə iştirak edib. Jurnalın baş redaktoru Ülviyyə Rəhmanova çıxış edərək yeni nəşrin məqsəd və vəzifələrindən danışıb.

Bildirib ki, "Nargis" incəsənət və moda aləmində oxucunun əsl bələdçisinə çevriləcək. Oxucular bu nəşrin səhifələrində incəsənət və moda aləmində baş verən yeniliklər, müasir meyllər barədə dolğun məlumat əldə edə biləcəklər. Jurnalda istedadlı heykəltəraşlar, rəssamlar, yazıçılar, rejissorlar, bəstəkarlar, opera müğənnilərinin yaradıcılıqları haqqında məqalələr yer alacaq.

Nəfis tərtibatı, zövq oxşayan dizaynı ilə Azərbaycan mətbuatına yeni nəfəs gətirən "Nargis" jurnalının ilk nömrəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın eksklüziv fotosessiyası, professor Nərgiz Paşayeva ilə müsahibə yer almışdır. Bu nömrədə həmçinin tanınmış fransız dizayneri Jetrua, Londonda çalışan məşhur norveçli dizayner Kristian Aadnevik, Rusiyanın məşhur teatr rejissoru Roman Viktyuk, ingilis dizayneri Devid Linley və bir çox digər məşhurlarla maraqlı müsahibələr dərc olunub.

Digər çıxış edənlər də "Nargis" jurnalının məziyyətlərindən danışıblar.

Qeyd edək ki, jurnal rübdə bir dəfə, 368 səhifə ilə oxucularının görüşünə gələcək.