Əsgərin ölümündə günahkar olanların hamısı cəzasını alacaq
14 Yanvar 2013 13:05 (UTC+04:00)
Eldar Sabiroğlu: "Bir çox sifarişli yazıların və
hərəkətlərin arxasında maraqlı tərəflərin olduğu açıq-aşkar gözə
girir" "Əsgər Ceyhun Qubadovun ölümü təkcə onun ailəsinin
dərdi yox, eyni zamanda ordumuz üçün də ağır itkidir. Ürəyinə daş
bağlayan adam yalnız bu bədbəxt hadisəni duya və üzüntünü qəlbində
yaşada bilməz. Ona görə də bir əsgər olaraq Ceyhunun itkisinə
həssaslıqla yanaşan bütün səmimi insanların daxili narahatlığını
yaxından görür və hiss edirik".
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar
Sabiroğlu əsgər Ceyhun Qubadovun ölümü və bu ətrafda dolaşan
məlumatlarla bağlı APA-nın sorğusuna cavab olaraq deyib. Ölümlə
bağlı Müdafiə Nazirliyi rəhbərliyinin ciddi ölçülər götürməsindən
cəmiyyətin xəbərdar olduğunu qeyd edən E. Sabiroğlu Respublika
Hərbi Prokurorluğunda araşdırma getdiyinə görə hadisə üzərində çox
dayanmaq istəmədiyini vurğulayıb: "Ancaq böyük inamla bildirmək
istərdik ki, aparılan obyektiv istintaq hər şeyə aydınlıq gətirəcək
və ölüm işində təqsiri müəyyənləşdirilənlərin hamısı məsuliyyətə
cəlb olunacaq. Hazırda informasiya məkanı demək olar ki, yenə də öz
yanaşmalarını ortaya qoymaqda davam edir. Buna heç pis də baxmırıq.
Ancaq indi deyəcəklərim bütün mülahizələrə şamil edilməsə də,
bəzilərinə aiddir. Bir çox sifarişli yazıların və hərəkətlərin
arxasında maraqlı tərəflərin olduğu açıq-aşkar gözə girir. Təki
səhv edək. Amma bunu görməmək sadəcə mümkün deyil. Sifarişçilərin
hərəkətlərindən o da görsənir ki, onlar orduda "raskol"
yaranmasında deyəsən, çox həvəslidirlər. Lakin bir gerçək amili
unudurlar ki, Azərbaycanın Silahlı Qüvvələrinin başında qətiyyətli
və uzaqgörən bir dövlət rəhbərinin – Ali Baş Komandanımız, möhtərəm
prezident İlham Əliyevin dayandığı bir zamanda bu cür riyakar
məqsədlərin həyata keçmə əmsalı sıfra bərabərdir".