Qarabağda antiterror əməliyyatları yenidən gündəmə gəlir

14 Oktyabr 2016 09:32 (UTC+04:00)

Ermənilər işğal altında saxladıqları Qarabağ ərazisində təxribatlara davam edirlər. Dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. Fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar. Məsələnin vacib hissəsi isə başqadır. Terrorizmə qarşı mübarizə aparan dünya birliyi ASALA-nın fəaliyyətinə şərait yaradan Ermənistana qarşı əməli addm yox, heç söz də demir. Elə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurum Minks qrupu da susur. Bütün bunlar isə bir çox mətləblərdən xəbər verir. Bu fonda da Azərbaycanın Qarabağda antiterror əməliyyatlarını gündəmə gətirir.

Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı bildirir ki, Ermənistan terrorizmə dəstək verən, terrorçuları mükafatlandıran dövlətdir: “Türk diplomatlarına qarşı terror aktını həyata keçirən ABŞ vətəndaşı Monte Melkonyan 1990-cı ildə Ermənistana, daha sonra isə Qarabağa gələrək Azərbaycan vətəndaşlarına qarşı törədilən vəhşiliklərdə iştirak etmiş və 1993-cü ildə öldürülüb. Melkonyanın yas mərasimində Ermənistan Prezidenti Levon ter-Petrosyan da iştirak etmiş, ona ölümündən sonra “Ermənistanın Mili Qəhrəmanı” adı verilib. İndi isə ermənilər sosial şəbəkələrdə Tərtər rayonunun işğal altında olan bölgələrdə ASALA terror təşkilatının bayrağının dalğalandığı şəkli paylaşırlar. İddia edilir ki, həmin bayraq 2011-ci ildən etibarən oradadır. Dünya dövlətləri beynəlxalq terrorizmə qarşı mübarizə apardığı bir vaxtda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında ASALA terror təşkilatının bayrağının nədən dalğalandığı heç kimi narahat etmir. Maraqlı budur ki, başda ABŞ olmaqla dünyanın böyük dövlətləri terrorizmə qarşı mübarizə apardıqlarını iddia etsələr də, Azərbaycanın işğal altında qalan ərazilərində anti-terror əməliyyatları aparmasına soyuq baxırlar. Qeyd edək ki, son 20 ildə ABŞ-ın terrorizmə dəstək verdikləri və real təhlükə olduqları iddiası ilə işğal etdikləri heç bir dövlət əslində, terrorçu dövlət deyil və heç biri Ermənistan qədər terrora dəstək verməyib. Ermənistanın son 20 illik tarixində bu qədər terror aktları təşkil etdiyini sübut edən tarixi və hüquqi sənədlər olsa da, Qərb dünyası Ermənistanı terrorçu dövlət olaraq tanımaq istəmir. Bu məsələ barəsində Azərbaycan və Türkiyə müdafiə mövqeyindən çıxaraq bu həqiqətləri dünya ictimaiyyətinə daha mütəmadi olaraq başa salmalıdır”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli politoloq Hasan Oktay "Mövqe”yə bildirdi ki, Ermənistan dünyada meydana gələn ittifaqlarda özünə yer edə bilmir: “Türkiyə-Rusiya yaxınlaşması, Ukraynada Rusiya-Qərb rəqabəti Ermənistan üçün çətin günlərin başlanğıcıdır. Qarabağ problemi Azərbaycan ilə Ermənistan arasında bir böhran olmaqdan başqa beynəlxalq böyük bir böhranın də səbəbiolma xüsusiyyətini daşıyır. Yəni, problem iki ölkə arasında olsa idi, həll üçün bütün arqumentlər ortaya qoyula bilər. Bu əhatədə da ermənilərin terror təşkilatlarının arxasına sığınması mümkündür. ASALA bütün dünyada terror təşkilatı kimi qəbul edilib. Belə bir təşkilata Ermənistanın sahib çıxması və ya Rusiyaya qarşı yeni bir cəbhə açmaq istəyənlərin buna təhrik etmək üçün bu cür təxribata əl atması önümüzdəki günlərdə bölgədə ciddi çətinliklərin yaşanacağına işarə edirr. Yəni, Ermənistan sözdə əsgərlərinə güvən verməyə çalışarkən fərqinə də varmadan böyük bir təhlükə ilə üz-üzə qalır. Bu vəziyyət Ermənistan üçün geridönülməz bir yoldur. Qısa zamanda bundan imtina etməli və Qərb güclərinin “oyununa” gətməməlidir. Qarabağda baş verəcək hadisələr Ermənistana bir fayda verməyəcək”.
Mübariz BAYRAMOV