Ərzaq məhsulları minik avtomobillərində xarab olur
14 Yanvar 2013 16:10 (UTC+04:00)
Paytaxtda ərzaq məhsulları daşıyan avtomobillərin coxunun
sanitariya pasportları yoxdur. Bu sözləri Movqe.az-a acıqlamasında
Respublika Gigeyena və Epidemiologiya Mərkəzinin Qidalanma
bölməsinin rəhbəri İmran Abdullayev deyib. Onun sözlərinə görə,
hazırda ərzaq məhsullarını daşıyan avtomobillərin əksəriyyətinin
şəraiti ərzaqların keyfiyyətinə təsir göstərir: "Ərzaqları bir də
görürsən minik maşınlarında oturacaqların üstündə, yaxud
yanacaq qoxuyan yük yerlərində daşıyırlar. Bəzi hallara isə
xüsusilə yay aylarında tez xarab olunan ərzaqları avtomobilin
şüşəsinin qarşısına yığırlar. Belə halda ərzaq mağazaya
çatdırılanadək xarab olur. Çörəyin daşınmasında da, bu kimi
problemlər var. Ona görə də mövcud normativlərlə ərzaq məhsulları
ərzağın daşınması üçün şərait olan maşınlarda aparılmalıdır. Belə
avtomobillərə bizim tərəfimizdən sanitariya pasportu verilir".
İ.Abdullayev hazırda ərzaq məhsullarının daşınmasında ciddi
problemlər olduğunu, hətta ərzağın keyfiyyətinin daha çox
daşınarkən korlandığını bildirdi. Onun sözlərinə görə, yol
polisi də minik maşınlarında, avtomobillərin yük yerlərində ərzaq
daşıyan avtomobillərə qarşı tədbir görə bilmir: "Bizə onu əsas
gətirirlər ki, normativ aktlarda bu yoxdur. Amma ərzaq məhsullarını
keyfiyyətsiz hala salan, ərzaq məhsullarının daşınması qaydalarını
pozanlar cəzalandırılmalıdır".
Bakı Şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Vaqif Əsədov isə "Yol Hərəkəti Haqqında" qanunun tələbində
ərzaq daşınmasına yol polisinin qarışmaq səlahiyyətinin olmadığını
bildirdi. Onun sözlərinə görə, belə avtomobillər yük daşınmasının
tələblərini pozduqları halda saxlanıla və müvafiq tədbir görülə
bilər: "Yükdaşıyan avtomobillər yükdaşıma ilə bağlı texniki
qaydalara əməl etmədikdə yol polisləri tərəfindən saxlanaraq
protokol tətbiq edilir.Amma yol polisləri ərzağın hansı şəraitdə
daşınması məsələsinə qarışmaq səlahiyyətində deyillər. Yaxşı olar
ki, bu qaydanı pozan sürücülər ərzaq məhsullarının keyfiyyətinə
nəzarət edən qurumlar tərəfindən cəzalandırılsın".