İlham Əliyev Norveç Krallığının xarici işlər nazirini qəbul edib

14 Yanvar 2013 16:37 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 14-də Norveç Krallığının xarici işlər naziri Espen Bart Eidenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, E. B. Eide Norveçin "Statoil" şirkətinin uzun müddət Bakıda fəaliyyət göstərməsini əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib. İkitərəfli münasibətlərin möhkəm bünövrəsi olduğunu deyən qonaq ölkələr arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb. Öz növbəsində, prezident İlham Əliyev Azərbaycanın beynəlxalq neft şirkətləri ilə əməkdaşlığının ilkin mərhələsində Norveçin "Statoil" şirkətinin ilk regional nümayəndəliyinin Bakıda fəaliyyətə başlamasının önəmini qeyd edib. Dövlət başçısı hazırda ölkələr arasında əlaqələrin daha da inkişafı ilə bağlı məsələlər ətrafında işlərin uğurla davam etdirildiyini vurğulayıb. Görüşdə Azərbaycanla ilə Norveç arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.