LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
14 Yanvar 2013 16:38 (UTC+04:00)
İnkişafının yeni yüksəliş dövrünü yaşayan müasir Azərbaycanda əldə
edilən nailiyyətlər bütün ölkə boyu insanların maddi rifah halının
yüksəlməsinə böyük təkan verməkdədir. Eyni zamanda bütün bunlar
perspektiv inkişaf üçün ölkəmizdə möhkəm bir özülün yaradılmasının
mühüm göstəricisi kimi çıxış edir.
Bir məqamı da xüsusi olaraq dünya miqyasında sosial-iqtisadi
sferada ən dinamik inkişaf edən ölkələrdən biri kimi
dəyərləndirilən Azərbaycanda bu tərəqqiyə müvafiq olaraq əhalinin
maddi-rifah halı da daim yüksəlməkdədir. Bu yüksəlişdə mühüm rol
oynayan amillərdən biri büdcə xərclərində sosialyönümlülüyün nəzərə
alınması, həyata keçirilən iqtisadi strategiyada yeni iş yerlərinin
yaradılmasına xüsusi önəm verilməsi, məşğulluq səviyyəsinin
yüksəldilməsidir. Güclü makroiqtisadi sabitlik, regionların sürətli
inkişafına xidmət edən dövlət proqramlarının uğurla
reallaşdırılması, zamanın tələblərinə cavab verən islahatların
aparılması və bu qəbildən olan digər amillər də ölkə
vətəndaşlarının yaşayış durumuna müsbət yöndə təsirsiz ötüşmür.
Regionlarda da özünü qabarıq büruzə verən bu hal həm də dövlət
proqramlarının real nəticəsi kimi çıxış edir. II Dövlət Proqramının
icrasına keçən dövrün fonunda isə araşdırmalar göstərir ki, bu dövr
ərzində Prezident İlham Əliyev regionlara səfərləri fonunda
istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və
digər sahələr üzrə çoxsaylı müəssisənin açılış və təməlqoyma
mərasimində iştirak edərək onların fəaliyyətləri ilə şəxsən tanış
olub. Bu səfərlərdən sonra dövlət başçısı bir sıra şəhər və
rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı
əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Məhz Prezident
İlham Əliyevin regional inkişafa verdiyi önəmin, rayonlarda,
kəndlərdə yaşayan əhalinin həyat səviyyəsinin davamlı olaraq
yüksəldilməsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki,
istehsal və sosial infrastruktur təminatının yaxşılaşdırılması
sahəsində inqilabi dəyişikliklər davam edir, regionların siması
günü-gündən dəyişir, gözəlləşir və müasirləşir.
Hesablamalar göstərir ki, regionların inkişafına 2004-2012-ci illər
ərzində bütün maliyyə mənbələri hesabına milyardlarla dollar
investisiya yönəldilib, bunun sayəsində yüzlərlə əhəmiyyətli
layihələr icra olunub. "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat
dəhlizlərinin yaradılması layihələri davam etdirilib, yüz
kilometrlərlə yollar beynəlxalq standartlara uyğun tikilib və təmir
olunub, o cümlədən dövlət başçısının bilavasitə iştirakı ilə Bakı
dairəvi avtomobil yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun
böyük hissəsi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi avtomobil
yolu, Bakı-Rusiya sərhədi avtomobil magistralında Şabran dairəvi
yolu və körpü kompleksi, Naxçıvan-Sədərək magistral yolu və
digərləri istifadəyə verilib. Bakı-Tiflis-Qars dəmir yolunun,
2010-cu ildə təməli qoyulmuş Beynəlxalq dəniz limanının və
gəmiqayırma zavodunun inşası ölkəmizin tranzit potensialının,
ümumiyyətlə regiondakı rolunun və əhəmiyyətinin daha da artmasını
təmin edəcək. Eyni zamanda regionlar elektrik enerjisi ilə tam
təchiz olunub yeni yarımstansiyalar və yüksəkgərginlikli xətlər
istifadəyə verilib. Bununla yanaşı, dövlət proqramı çərçivəsində
regionlarda minlərlə kilometr yeni qaz kəmərləri çəkilib, yüzlərlə
kilometr qaz xətti təmir və bərpa ediltb, çoxsaylı yaşayış
məntəqəsi qazla təchiz olunub. Əhalinin keyfiyyətli su ilə
təminatının yaxşılaşdırılması çərçivəsində Kür-Araz çaylarının
sahilləri boyu sutəmizləyici qurğuların quraşdırılması 100 minlərlə
içməli su ilə təminatını yaxşılaşdırıb, Oğuz-Qəbələ-Bakı su kəməri
istifadəyə verilib. Suvarılan torpaq sahələrinin artırılmasında,
torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasında mühüm rolu
olan Samur-Abşeron, Yuxarı Mil kanallarının, Şəmkir dəryaçasının,
Tovuzçay su anbarının tikintisi davam etdirilib.
Rabitə xidmətlərinin yaxşılaşdırılması ilə bağlı görülən işlər
regionlarda bu xidmətlərin keyfiyyətini və əhatə dairəsini xeyli
artırıb. Azərbaycan Prezidenti tərəfindən 2010-cu ilin "Ekologiya
ili" elan edilməsi ilə əlaqədar ekoloji vəziyyətin
yaxşılaşdırılması və ölkənin bütün ərazisinin, xüsusilə də Abşeron
yarımadasının yaşıllaşdırılması, çirklənmiş torpaqların
təmizlənməsi sahəsində genişmiqyaslı tədbirlər görülüb, meşəsalma
və meşəbərpa işləri həyata keçirilib.
Müasir turizm xidməti infrastrukturunun yaradılması istiqamətində
də işlər davam etdirilib, regionlarda çoxsaylı turizm obyektinin, o
cümlədən Qusar rayonunda Şahdağ Qış-Yay turizm kompleksinin
tikintisi davam etdirilib. Regionların ənənəvi istehsal sahələrinə
uyğun ixtisaslaşması, kənd təsərrüfatının intensiv yüksəlişi, yeni
heyvandarlıq və südçülük komplekslərinin, damazlıq və quşçuluq
təsərrüfatlarının, kənd təsərrüfatı məhsullarının saxlanması
infrastrukturunun yaradılması, toxumçuluğun inkişafı, daxili
tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi, qeyri-neft
məhsullarının ixracının artırılmasına xidmət edən tədbirlərin
uğurlu icrası da görülən əsas işlər cərgəsindədir. Ötən dövr
ərzində regionlarda çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət və
ticarət müəssisəsi, o cümlədən Lənkəranda konserv zavodu və çay
fabriki, Naxçıvanda avtomobil zavodu, bir neçə tikinti materialları
zavodu, Sumqayıtda texnopark, Masazırda duz zavodu, Biləsuvarda
konserv zavodu, Gədəbəydə qızıl zavodu, bölgələrdə heyvandarlıq və
süd emalı kompleksləri və digər müəssisələr tikilib istifadəyə
verilib, çoxsaylı müəssisənin, o cümlədən yeni kənd təsərrüfatı
məhsullarının emalı müəssisəsinin, bir çox rayonda tikinti
materiallarının istehsalı zavodlarının və digər müəssisələrin
tikintisi davam etdirilib. Bu müəssisələrin xeyli hissəsi
Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə
olunub.
İkinci Dövlət Proqramında da sosial infrastrukturun daha da inkişaf
etdirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması
prioritet vəzifələrdəndir. Əhalinin sosial müdafiəsi sahəsində
dövlətin həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri
də sosial müdafiəyə daha çox ehtiyacı olan təbəqəyə, o cümlədən
əlillərə, veteranlara, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi
köçkünlərə xüsusi diqqətin yetirilməsidir. Ümumiyyətlə, dövlət
proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ötən
dövr ərzində minlərlə yeni müəssisə yaradılıb, çoxsaylı iş yeri
açılıb.
Təsadüfi deyil ki, ölkəmizdə insanların fiziki, mənəvi, sosial
tələbatlarının təminatının ildən-ilə yaxşılaşması beynəlxalq
səviyyədə də yüksək qiymətləndirilir, Azərbaycan insan inkişafı
indeksinə görə də dünya üzrə böyük müvəffəqiyyətlərə imza atmış
dövlətlərdən biri kimi göstərilir. Ümumiyyətlə, insan inkişafı
indeksinin orta illik tempinə görə Azərbaycan keçmiş Sovet İttifaqı
ölkələri arasında son 10 il ərzində aparıcı dövlət kimi qəbul
olunur. BMT İnkişaf Proqramının İnsan İnkişafı Hesabatından da
aydın görünür ki, Azərbaycan bu istiqamətdə hətta dünya üzrə
qabaqcıl sayılan iki dövləti - Çin və Hindistanı da arxada qoymağa
müvəffəq olmuşdur. Ümumiyyətlə, son illərdə Azərbaycan insan
inkişafı sahəsində ən sürətli irəliləyişə imza atan ölkə kimi çıxış
edir. Xatırladaq ki, ölkəmiz 2000-2010-cu illər arasında postsovet
məkanında insan inkişafı indeksinə görə illik 1,77 artım dərəcəsi
ilə ən yüksək göstəriciyə nail olmuşdur. Nəticədə Azərbaycan "orta
insan inkişafı" qrupu ölkələrini tərk edərək, "yüksək insan
inkişafı" ölkələri kateqoriyasına daxil edilib.
Bütün bu nailiyyətlərin əldə olunmasında regionların inkişafına
dair birinci Dövlət Proqramında olduğu kimi, ikinci müvafiq
proqramm da mühüm rol oynayıb. İkinci proqramın icrasının davam
etməsi regionların sosial-iqtisadi inkişafına, eləcə də ümumilikdə
Azərbaycan iqtisadiyyatının tərəqqisinə bundan sonra da mühüm
töhfələr verməkdə davam edəcək.
Bir məqamı da xüsusi olaraq vurğulamaq lazım gəlir ki, regionların
inkişafına dair həyata keçirilən siyasətdə sosialyönümlülük ana
xətlərdən birini təşkil edir. Məlumdur ki, iqtisadi inkişafında
sosialyönümlülük prinsipini əsas götürən dövlət qarşısında duran
əsas vəzifələrdən biri bu istiqamətdə dəqiq düşünülmüş, qabaqcıl
dünya təcrübəsinə cavab verən, eyni zamanda ölkə və cəmiyyət
reallıqlarını nəzərə alan siyasətin həyata keçirilməsidir. Bazar
iqtisadiyyatı şəraitində yüksək səmərəli sosial siyasətin
aparılması sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər
sosial təminat sisteminin yaradılması kimi mühüm prinsipləri özündə
ehtiva etməlidir. Bu, iqtisadi zəmində sosial ziddiyyətlərin aradan
qaldırılması, gəlirlərin ədalətli bölüşdürülməsi, beləliklə də
differensasiyasının mövcudiyyətinin qarşısının alınması baxımından
olduqca mühümdür.
Əhalinin həyat mənafeyinin təmin olunmasına yönəldilmiş konkret
tədbirlər sistemi kimi də nəzərdə tutulan sosial siyasət həm də
çoxcəhətli proses olaraq kifayət qədər mürəkkəb struktura malik
olması ilə xarakterizə edilir. Çünki burada həm konkret götürülmüş
fərdə, həm də bütöv bir cəmiyyətə yanaşmada sosial təzadların
yaranmasının qarşısının alınması, mövcud ola biləcək ziddiyyətlərin
münaqişələrsiz həlli və ədalətliliyin daim gözlənilməsi vacib şərt
kimi çıxış edir. Bu kontekstdə tam aydın görünür ki, fərd, toplum,
ən nəhayət cəmiyyətin maraqlarını təmin edən sosial siyasətin
hazırlanması, həmçinin onun uğurlu icrası heç də asan proses
olmayıb dəqiq elmə yanaşma, hərtərəfli düşünülmüş strategiya,
məqsədyönlülük tələb edir. Bu hal da məhz regionların tərəqqisi
naminə həyata keçirilən dövlət siyasətində özünü qabarıq büruzə
verir.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap
olunub.