"İsa Qəmbərin sui-qəsd iddiaları absurddur"

15 Yanvar 2013 11:07 (UTC+04:00)

İsa Qəmbəri xalqın hiddətindən qorxaraq geri qayıdırsa bu onun cəsarətsizliyinin göstəricisidir. Bunu SİA-ya açıqlamasında millət vəkil Aydın Mirzəzadə İsa Qəmbərin Lənkarana səfəri və etirazlarla qarşılaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İsa Qəmbər heç vaxt partiya üzvləri ilə görüşməyə cəhd etməyib: "Müsavat başqanının Lənkərana səfəri və səsləndirdiyi bəyanatlar təxribatçı addımdır. O etirazlarla qarşılaşmasından da piar məqsədi ilə istifadə etmək istəyir. Bundan əlavə onun etirazlardan sonra yenidən Bakıya qayıtması çarəsizliyinin göstəricisidir. Təəssüf doğurucu haldır ki, Azərbaycan müxalifəti hər zaman xalqdan qaçır. Bu radikal müxalifətə xas xüsusiyyətdir".

Millət vəkili İsa Qəmbərin bu məsələ ətrafında verdiyi açıqlamalara da aydınlıq gətirib: "İsa Qəmbər bu gün verdiyi bəyanatda deyir, yaxşı ki, bu hadisə ilin əvvəlində baş verdi. Bu ifadəsindən də aydın görünür ki, hansısa bir neqativ hadisənin baş verməsinə ciddi şəkildə sevinir. Hesab edirəm ki, dövlət idarə etmək istəyən şəxs belə bəyanatlar verməməlidir. İsa Qəmbərin sui-qəsd iddiaları isə absurddur. Çünki bir qrup qadının ona yumurta atmasını sui-qəsd adlandırılması gülünc ifadədir".