Regionlarda ixtisaslı tibbi kadr probleminin səbəbi nədir?

15 Oktyabr 2016 10:00 (UTC+04:00)

Paytaxtdan fərqli olaraq əksər rayonlarda ixtisaslı tibbi kadrlar çatışmır. Bu hal ucqar yaşayış məntəqələrində özünü daha çox göstərir. Təbii ki, bu vəziyyətdən də ən çox əziyyət çəkən sakinlərdi. Tibbi kadr çatışmazlığı onları paytaxta, bəzən isə xaricə üz tutmağa məcbur edir. Nəzərə alsaq ki, artıq Bakıdan, eləcə də Rusiyadan soydaşlarımızın regionlara qayıdışı başlanıb, onda bölgələrdə ixtisaslı həkimlərə ehtiyacın daha da artması qaçılmazdır. Mütəxəssislərin fikrincə, problemin həlli stimullaşdırıcı tədbirlərdən keçir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, bütün sahələrdə ixtisaslaşmış kadr problemi sahə üzrə və əhali sayına görə meydana çıxan qıtlıqdan irəli gəlir: “Yəni, söhbət hansısa regionda konkret sahə üzrə adambaşına düşən mütəxəssislərin sayından gedir. Məsələn, cərrahlar haqqında deyə bilərik ki, onlar paytaxtda daha çox fəaliyyət göstərirlər. Bəzi regionlarda isə bu sahədə çatışmazlıqlar var. Başqa sahələrin mütəxəssis təminatında da eyni problemi görmək olar. Amma səhiyyə sistemi elə qurulmalıdır ki, istənilən rayonda, regionda ən müasir diaqnostika, cərrahiyyə işlərini aparmaq mümkün olsun. Bunun üçün də texniki təminatla yanaşı, regionun tibb mərkəzləri yüksək ixtisaslı mütəxəssislərlə də təmin olunmalıdır. Əks halda vətəndaşların adi bir xəstəliyə görə paytaxta axınının qarşısını almaq çətinləşər. Yəni, səhiyyə sisteminin inkişafı bu cür olmalıdır. Bütün mütəxəssislərin toplanıb bir tibbi mərkəzdə fəaliyyət göstərməsi sistemli inkişaf demək deyil. Odur ki, regionlarda da səhiyyənin inkişafına ciddi fikir verilməlidir. O baxımdan regionların yüksək ixtisaslı kadrlarla təminatı məsələsi daim diqqətdə saxlanılmalıdır. Bunun üçün isə ilk növbədə müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. O zaman gənc mütəxəssis regionda işləməyə daha həvəsli olacaq. Əks halda, həkimlərin regionlara üz tutması çətin olacaq”.
Digər tibbi ekspert, həkim-terapevt Afa Əsgərzadə hesab edir ki, regionlarda tibbi kadr çatışmazlığının ən birinci səbəbi əmək haqlarının yüksək olmamasıdır: “Nəzərə alaq ki, bir çox xarici ölkələrdə tibb işçilərinin əmək haqqı yüksəkdir. İxtisaslı kadrların regionlara üz tutması üçün maddi və mənəvi stimullaşdırıcı addımlar, onların əmək haqqını bir qədər artırmaq olar. Bununla yanaşı orada həkimlərin normal fəaliyyət göstərə bilməsi üçün lazımi şərait də yaradılmalıdır. Müəssisələr bütün texniki təchizatla təmin edilməlidir. Xəstəxana və poliklinikalarda müasir avadanlıqların quraşdırılması, ilkin tibbi yardım, reanimasiya, cərrahiyyə otaqlarının müasir standartlara cavab verən yeni texnologiyalarla təmin olunması vacib şərtdir. Bütün bunlar həm həkimlərin yüklənməsini azaldar, həm də regionlardan mərkəzə axının qarşısını almış olar”.
Mübariz BAYRAMOV