Ixracatda hazır məhsul üstünlük təşkil edəcək

15 Oktyabr 2016 09:45 (UTC+04:00)

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların sürətli inkişafı və bir çox sosial məsələlərin həllidir. Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalını artırmaqdır. Bu istiqamətdə sahibkarlığın inkişafı kənd əhalisinin məşğulluğunun artırılması və yoxsulluğun səviyyəsinin azaldılmasına əhəmiyyətli təsir göstərir. Bunun üçün ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edir.

Proqram üzrə uğurla davam etdirilən işlər artıq bəhrəsini verir. Ərzaq təhlükəsizliyini təmin etmək üçün əsas rol oynayan fermer təsərrüfatlarında istehsal genişlənir, məhsuldarlıq artır. Faktlara müraciət etsək, məsələn, elə təsərrüfatlar var ki, kartofçuluqda əvvəlki illərə nisbətən 10 dəfə artıq məhsul əldə edib. Taxılçılıq üzrə əkin sahələri və hektarın məhsuldarlığı da sürətlə artır. Bağçılığa maraq yüksəlir, bağbanlar yeni, daha məhsuldar meyvə sortlarını becərib çoxaldırlar.
Məhsul istehsalındakı artım ixrac əməliyyatlarının genişlənməsi üçün başlıca şərtdir. Lakin ixrac prosesi xammalı yox, hazır məhsulu ehtiva etməlidir. Çünki, uğurun özülü bundadır. Belə ki, xammal daha ucuz satılır və kəndli əməyinin əvəzini tam görə bilmir. Hazır məhsul isə vəziyyəti tamamilə dolğunlaşdırır. Məsələn, hazır məhsul almaq üçün xammalı emal etmək lazımdır. Buna görə isə emal müəssisələri inşa edilməlidir. Bu da öz növbəsində yeni, çoxlu sayda iş yeri deməkdir. Məhsula olan yerli tələbatın ödənməsidir. Və hazır məhsul xaricə daha baha qiymətə satılır, yəni məhsulun ölkəyə daha çox valyuta gətirməsi təmin edilir.
Hazır məhsulun ixrac edilməsi təcrübəsi Azərbaycanda çoxdan mövcuddur və bu istiqamətdə potensial kifayət qədər böyükdür. Məsələn, hələ ötən əsrin səksəninci illərində Yaponiyaya göndərilən müxtəlif növ meyvə konservləri, xüsusilə nar şirələri böyük şöhrət qazanmışdı. O dövrdə əksər kənd təsərrüfatı rayonlarında konserv zavodları fəaliyyət göstərirdi və xeyli adda məhsul hazırlanırdı. Düzdür, məhsulun qablaşdırılması, dizaynı, etiketlənməsi müasirlikdən uzaq idi. Xüsusilə yerli bazara çıxarılan məhsulların zahiri görünüşü bərbad vəziyyətdə idi. Amma ekoloji təmizliyinə görə məhsullara söz ola bilməzdi. Xaricdən gələn valyuta isə Moskvaya axırdı.
İndi şərait və qaydalar tam fərqlidir. Qazanc sahibkarındır, ad ölkəmizindir. İstehsal ən yeni texnologiyalar əsasında qurulub. Çeşidlər zəngindir. Qablaşdırma inkişaf etmiş ölkələrdəki dizayndan geri qalmır. Keyfiyyət yüksəkdir, alıcılar malın başı üzərindən əskik olmur. Belə olan təqdirdə nə lazımdır? Yalnız çalışmaq və qazanmaq.
Tekstil sənayesinin inkişafı gələcəkdə bu sahənin genişləndirilməsi üçün böyük ümidlər doğurub. Son iki ildə baramaçılıqda məhsuldarlığın artması artıq yeni baramaaçan fabriklərin işə düşməsinə səbəb olub. Bu minvalla bir-iki ilə bütün dünyada qadınların boynunda Şəki kəlağayılarını görmək heç də təəccüblü olmaz. Pambıqçılıq da sürətlə kənd təsərrüfatı sənayesindəki əvvəlki şöhrətini qaytarır. Bunlar strateji məhsullardır və zəruri ixrac potensialına malikdir.
Bütün bu başlanmış işlərin sürətini saxlamaq üçün yalnız mövcud qanunvericiliyə əməl olunmaqla iş adamlarının, sahibkarların normal fəaliyyətini təmin etmək lazımdır. Onda işləməyə həvəs də olacaq, məhsul da, ixrac da.

N.NOVRUZ