Səlim Müslümov Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri seçilib

14 Oktyabr 2016 18:27 (UTC+04:00)

Azərbaycan Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın ilk iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az verilən məlumata görə, iclasda sosial tərəfdaşlar olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak edib.

İclasın gündəliyində iki məsələ - Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyaya birinci il üçün sədrin seçilməsi və Komissiyaya sosial tərəfdaşlardan hər birindən 1 nəfər əlaqələndiricinin təyin edilməsi məsələləri əksini tapıb.

Üçtərəfli Komissiyanın tərkibi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının hər birindən 5 nümayəndə təmsil olunmaqla müəyyən edilib. İclasda komissiya üzvlərinin yekdil səsverməsi əsasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri seçilib.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında 30 sentyabr 2016-cı il tarixdə birgə qərar imzalanıb.

Ölkəmizdə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması sosial-iqtisadi inkişafın təmin olunmasında, bir sıra vacib sosial-iqtisadi məsələlərin həllində sosial partnyorların fəaliyyətinin daha sıx formada əlaqələndirilməsinə, işçilərin və işəgötürənlərin hüquqlarının yüksək səviyyədə təmin olunmasında birgə və səmərəli fəaliyyətin qurulmasına, bu sahədə sosial partnyorluğun təkmilləşməsinə xidmət edir.