Axərbaycaan xarici investisiya qoyuluşu sürətlə artacaq

18 Oktyabr 2016 09:30 (UTC+04:00)

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts ölkəsi ilə Azərbaycan arasında münasibətlərin mövcud səviyyəsindən razılığıın bildirib. Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələr hazırda həmişəkindən daha güclüdür deyən səfir bildirib ki, Böyük Britaniya Azərbaycanda ən iri xarici investordur və bu mövqeyini qoruyub saxlamaq niyyətindədir.

Böyük Britaniyanın bir sıra nümayəndə heyətlərinin yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətində olduqlarını bəyan edən səfir bildirib ki, hələlik təfərrüatlar məlum deyil. O həmçinin əlavə edib ki, gələn ilin əvvəlində Azərbaycanla Böyük Britaniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi planlaşdırılıb.
İngilis iş adamlarının Azərbaycanda işləməyə həmişə böyük maraq göstəriblər. Həm də bu arzu dünənin-srağagünün söhbəti deyil. XIX əsrin ortalarından etibarən Bakıda neft sənayesi “ildırım” sürətilə inkişaf edən vaxtlardan ingilislər Azərbaycana ayaq açıblar.
Müstəqilliyə qovuşandan sonra Azərbaycan neft sənayesinin inkişafına töhfə vermək arzusunda olan xarici şirkətlərin sayı-hesabı yox idi. Lakin Azərbaycan rəhbərliyi çoxsaylı şirkətlərin işini təhlil edəndən sonra üstünlüyü dünya nəhəngi “British Petroleum” şirkətinə verdi. Təbii ki, razılaşmanın əldə edilməsində ingilislərin vaxtilə Bakıda qazandıqları iş təcrübəsi də əhəmiyyətli rol oynayıb. Bu gün Xəzər sektorunda ən böyük neft-qaz yatağı olan «Azəri-Çıraq» platforması məhz britaniyalı mütəxəssislərin rəhbərliyi ilə istismar olunur.
Artıq neçə illərdir Azərbaycanda işləyib təcrübə qazanmış şirkətlər isə get-gedə yerlərini, necə deyərlər, möhkəmlədirlər. Bu günlərdə Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Gədəbəy" yatağında daha bir mənbədə qızıl kəşfiyyatı üçün yeni lisenziya alıb.
Yeni yataq “Uğur” adlandırılıb. “Ugur” şirkətin qələviləşdirilmiş plantasiyasının 3 km Şimal-Qərbində yerləşir. Aparılmış testlər və qazıntı nümunələri ərazidə 87% qızıl olduğunu müəyyən etməyə imkan verib. Şirkətin baş icraçı direktoru Rza Vəziri deyib ki, bu yatağın çox böyük əhəmiyyəti var: “İnanıram ki, "Anglo-Asian" çox əhəmiyyətli mövqedədir və bu mövqe onun minerallarla zəngin olan "Gədəbəy"də davamlı olaraq hasilatına şərait yaradacaq”.
Kəşfiyyat-qazıntı işlərinin nəticələrinə görə, aparılmış 20 müxtəlif testin nəticəsində aşkar edilib ki, qiymətli metal 360 metr dərinliyə qədər yerləşir. Əsas diqqət çəkən isə 34 metrə qədər hər ton üçün 0,39 qram, 13 metrə 0,83 q/t və 35 metrə 5,45 q/t-dur. Açıqlamada qeyd edilir ki, gələcəkdə “Uğur”un kəşfiyyat ərazisi 1 500 metrə qədər cənuba genişləndiriləcək. Artıq "Anglo-Asian Mining Plc." işin ilkin fazasında ümumi dərinliyin ölçülməsi və minerallaşmanın xüsusiyyətlərinin öyrənilməsinə başlayıb. Əsas işlərə isə 2017-ci ildə başlanması nəzərdə tutulur.
Bu minvalla Azərbaycanla Böyük Briyaniya arasında tarixən formalaşmış iqtisadi əlaqələr yeni hüdudlara çıxacaq və dünyanın maliyyə mərkəzi sayılan Londondan Bakıya investisiya axını çoxalacaq.

N.NOVRUZ