“Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi Birliyinə daxil olmaq
imkanlarını istisna etmək olmaz”.
Movqe.az-ıın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham
Əliyev “Sputnik” agentliyinə müsahibəsində deyib. O bildirib ki,
hələlik ölkə indiki statusda özünü inamlı hiss edir: “Bu mövzuda
söhbətlər həm ekspertlər arasında, həm də müxtəlif ölkələrin
elitaları arasında çoxdan gedir. Belə deyim: prinsipcə, biz hazırda
olduğumuz keyfiyyətdə özümüzü kifayət qədər inamlı hiss edirik. Ona
görə də, biz hələ baxmalıyıq ki, hansı tendensiyalar müşahidə
olunacaq. Əlbəttə, əgər ittifaq cəlbedici olarsa, ora çoxları can
atacaq. Yəni, heç nəyi istisna etmək olmaz, lakin hazırkı mərhələni
məni bu cür xarakterizə edərdim”.
Dövlət başçısı Azərbaycanın Avrasiya məkanındakı prosesləri maraqla
izlədiyini qeyd edərək o proseslərlə bağlı mürəkkəbliklər və
müəyyən iradlar olduğunu da vurğulayıb: “Bu gün bizim Avrasiya
İqtisadi Birliyinin üzvləri ilə iqtisadi əməkdaşlıq formatımız,
eləcə də siyasi əməkdaşlığımız, kifayət qədər möhkəmdir.
İnteqrasiya yolu ilə getmək üçün əlbəttə, motivasiya lazımdır. Bu,
iqtisadi, sosial, siyasi və istənilən digər istiqamət üzrə ola
bilər. Hazırda biz bu istiqamətdə çalışırıq”.
Prezident rəsmi Bakının öz indiki vəziyyətindən məmnun olduğunu
diqqətə çatdırıb: “Son 13 ildə biz Ümumi Daxili Məhsulun həcmini 3
dəfə artıra, yoxsulluğun səviyyəsini 2003-cü ildəki 49 faiz
səviyyəsindən bu il 5 faiz səviyyəsinə endirməyə nail ola bilmişik.
Artıq yoxsulluq sosial bir problem kimi yoxdur. İşsizlik də onun
kimi 5 faizdir. Bizim böyük valyuta ehtiyatlarımız var, hətta
neftin qiymətinin aşağı düşdüyü bu ildə də Neft Fondunun
ehtiyatları artır, ona görə ki, biz qənaətlə xərcləyirik və
qeyri-neft sektorundan gəlir əldə edirik. Ona görə də, bizi həm
iqtisadi, həm də siyasi vəziyyətimiz qane edir”.