SOCAR: TAP-la nəql olunacaq qazın qiyməti bazara uyğunlaşdırılacaq

18 Oktyabr 2016 15:27 (UTC+04:00)

"TAP layihəsinin reallaşdırılması İtaliyaya bir çox strateji üstünlüklər verir".Movqe.az xəbər verir ki, bunu İtaliya mətbuatına SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.

"Söhbət "Cənub Qaz Dəhlizi" kimi iri bir layihənin komponenti olan layihədən gedir. Bu layihənin reallaşdırılması nəticəsində Azərbaycan qazı avropalı, o cümlədən italiyalı istehlakçılara çatdırılacaq. Bildiyimiz kimi, İsrail, İran, İraq və digər ölkələr bu layihə vasitəsilə hasil etdiyi qazı Avropaya çatdırmaq arzusundadır. Bu isə İtaliya bazarı üçün bir çox üstünlüklər verir. Üstünlüklər arasında rəqabətqabiliyyətli qiyməti, stabil təchizatı, fiskal amilləri, yeni iş yerlərinin açılmasını göstərə bilərik. Nəticə etibarilə bu amillər ümumilikdə İtaliya iqtisadiyyatına müsbət təsir göstərəcək. TAP-ın tikintisinə 20 min insan cəlb olunacaq. Uzaq perspektivdə bir çox daimi iş yerlərinin yaradılması da aydındır. İtalyan şirkətləri üçün də bir sıra üstünlüklər var. Təkcə subpodratçılarla TAP-ın tikintisi çərçivəsində təxminən 6 milyard avro məbləğində müqavilələr imzalanıb", - deyə V. Bəylərbəyov bildirib.

O əlavə edib ki, hələlik nəql olunacaq təbii qazın qiyməti məlum deyil: "Qiymət bazar tendensiyalarına müvafiq təyin olunacaq. Bir şey dəqiqdir ki, qiymət başqa mənbələrdən nəql olunan qazın qiyməti ilə müqayisədə rəqabətqabiliyyətli olacaq. Rəqabətin artması qiymətə təsir edir".