Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmə zəruridirmi?

18 Oktyabr 2016 16:13 (UTC+04:00)

Müasir dövrdə inkişaf edən cəmiyyətlərdə Vergi daxilolmaları dövlət büdcəsinin gəlirlərinin formalaşmasının əsasını təşkil edir. Azərbaycanda 2016-cı ilin dövlət büdcəsinin proqnoz göstəricilərinə əsasən Vergilər nazirliyinin xətti ilə daxilolmaların həcmi 6 602 milyon manat nəzərdə tutulmuşdur. Bu da 2016-cı ildə dövlət büdcəsinin ümumi daxilolmalarında 45,3% vəsait deməkdir.

Son dövrlər dünya bazarında neftin qiymətinin kəskin düşməsi səbəbilə Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transferin həcmi azalaraq 6 mlrd. manat olması proqnozlaşdırılır. Belə olduğu halda ölkə gəlirlərində vergilərin payı əsaslı şəkildə artaraq başlıca maliyyə mənbəyinə çevrilmişdir. Bu səbəbdən də Vergidən yayınma hallarının aradan qaldırılması, dövlət büdcəsinə olan vergi borclarının vaxtında ödənilməsi müasir dövrün prioritet məsələsinə çevrilmişdir.
Qeyd edək ki, 2015-ci ilin iyulun 1-nə olan məlumata əsasən ölkə üzrə vergi ödəyicilərinin ümumi sayı 649 408 vahid olmuşdur. Cari ilin 8 ayı ərzində isə 162,6 milyon manat məbləğində vergini ödəməkdən yayındığına görə 1394 vergi ödəyicisi barəsində cinayət işi açılmışdır. 2015-ci ilin Vergilər Nazirliyinin rəsmi statistikasına görə Vergi ödəmələrində 20%-ə yaxın yayınmağa meylli subyekt aşkarlanmışdır. Bu da sonda dövlət büdcəsinin icrasında çətinliklər yaratmaqla yanaşı sahibkarlıq subyektlərinə qarşı arzuolunmaz tədbirlərin görülməsi ilə nəticələnir.
Aparılan araşdırmalara əsasən vergidən yayınma hallarını vergi öhdəliklərini icra etmək istəyən, lakin müəyyən maliyyə çətinlikləri ucbatından ödəməyən və bilərəkdən vergi ödəməkdən yayınan vergi ödəyicilərinə ayırmaq lazımdır.
İkinci qrupa düşən vergi ödəyiciləri daha çox gəlir əldə etmək, müvafiq qurumlara inamsızlıq və etimatsızlıq, düşüncə tərzi, vergi qanunvericiliyi sahəsində səriştəsizlikləri ucbatından yaranmış öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırlar.
Bu da bir sıra problemlər içərisindən könüllü vergiödəmə mədəniyyətinin Azərbaycan sahibkarlarında hələ də tam formalaşmadığını önə çıxarır. Vergi ödəyicilərinin genişliyini nəzərə alaraq bu prosesdə daha çox ilkin mərhələdə olan kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmə mədəniyyətinin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Belə ki, yuxarıda göstərilən 1 iyul 2015-ci ilə olan statistik məlumatlara əsasən ölkə üzrə sahibkarlıq subyektlə¬ri¬nin 628 464-ü kiçik hüquqi şəxslər və fərdi sahibkarlar olmuş¬dular. Bunun da əksəriyyəti Sadələşdirilmiş vergi ödəyicilə¬ri¬dir. Bildiyimiz kimi sadələşdirilmiş vergi ödəyicilərinin döv¬riy¬yəsi artdıqca onlar gələcəkdə iri vergi ödəyicilərə yəni, orta və sonra iri sahibkarlıq subyektlərinə çevirilirlər. Bu səbəbdən də bu tip sahibklarlıq müəssisələri və təşəbbüskarlar arasında könüllü vergi ödəmə üzrə maarifləndirici tədbirlərin həyata ke¬çirilməsi sağlam vergi mədəniyyətinin formalaşması baxı¬mın¬dan əhəmiyyət kəsb edir.
Həm də iri və orta sahibkarlıq subyektləri daha geniş resurslara malik olduqlarından öz mühasibatlıqlarını kiçik müəssisələrə nisbətən daha səmərəli qura bilirlər.
Son 15-20 ildən bəri başda ABŞ olmaq üzrə Hollandiya, İspaniya, İsveçrə və Danimarka kimi ölkələrdə könüllü vergi ödəmə problemi ciddi bir şəkildə artmaqdadır. Bu məqsədlə ölkələrdə vergi ödəyicilərinin “öz razılıqları” ilə vergi ödəmə istəklərini artıran amillərin nələr olduğu bir sıra alimlər tərəfindən araşdırılmış və bu səbəblərin vergi ödəyicilərinin gəlirlərini doğru bəyan etmələrinə olan təsiri empirik və təcrübi metodlarla sınaqdan keçirilmişdir.
Bildiyimiz kimi, bazar iqtisadiyyatı şəraitində tənzimləyici alətlərdən biri də vergidir. Hüquqi və fiziki şəxslər vergidən yayınması dolayı şəkildə iqtisadiyyata və dövlətin idarəetməsinə mənfi təsir göstərə bilir. Belə ki, əgər vergilərin lazımi məbləğdə və zamanında ödənmilməməsi dolayı yolla makroiqtisadiyyata aşağıdakı zərərlər vura bilər:
1) Dövlətin idarəetmə xərcləri yüksək səviyyədə təşkil oluna bilməz. Dövlətin qurulması, onun idarəetmə strukturlarının yaradılması və idarəedilməsi kifayət qədər xərc tələb edən işlərdəndir. Bunun yüksək səviyyədə təşkili gəlir mənbələrindən biri kimi vergilərin də tam şəkildə ödənilməsindən asılıdır.
2) Ölkənin müdafiəsi və təhlükəsizliyi tam təmin oluna bilməz. Toplanan vergilər vasitəsi ilə ölkə öz hərbi və təhlükəsizlik məsrəflərini təmin edir ki, bunun da olması mütləq vacib məsələlərdəndir.
3) Ölkə əhalisinin təhsili lazımi şəkildə təmin olunmaz. Bildiyimiz kimi, ölkədə yaşayan əhalinin mühüm bir qismi dövlətin pulsuz təhsil xidmətlərindən yararlanmaqdadır. Bu da dövlətin təhsil xərclərinin qarşılanması ilə mümkündür ki, vergilər toplanmadan alına bilməz.
4) Əhalinin mühüm bir qismi səhiyyə xidmətləri ilə təmin olunmaz. Aztəminatlı əhalinin pulsuz səhiyyə xidmətlərindən yararlanması üçün dövlətin maliyyə dəstəyinə ehtiyacı vardır. Bu da vergilər tam şəkildə toplanmasa mümkün olmaz.
5) İqtisdiyyatın digər sahələri, o cümlədən kənd təsərrüfatı, sənaye, rabitə, nəqliyyat və s.-in yüksək səviyyədə inkişaf etdirilməsi mümkün olmaz.

Fikrimizcə, müasir dövrdə kiçik biznesin vergidən yayınmanın aşağıdakı zərərlərləri ilə qarşılaşması mümkündür:
1) Vergi yoxlamalarının müəssisənin fəaliyyətinin iflic vəziyyətinə salması;
2) Müəssisə daxili sənəd dövriyyəsinin düzgün aparılmaması;
3) Müəssisənin vergi öhdəliklərinin və digər xərclərinin düzgün hesablanmamsı;
4) Davamlı inkişaf məqsədlərinə nail ola bilməmək
5) Sosial məsuliyyətdən yayınmaqla cəmiyyətdə vergi qaçaqçılığı ilə məşğul olan şəxs kimi tanınması;
6) Vergilər nazirliyinin xidmətlərindən düzgün yararlana bilməmək;
Nəhayət, ödəyici bu cür ödənişləri etməməklə fəaliyyətindən və mülkiyyət hüququndan məhrum oluna bilər.
Sonda onu qeyd edək ki, Vergilərin vaxtında ödənilməməsi və bu öhdəlikdən boyun qaçırılması sahibklarlıq subyektlərinin dayanıqlı biznesinin formalaşmasında çətinliklərin yaranmasına gətirib çıxarar.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi İB tərəfindən “Kiçik sahibkarlıq subyektlərində könüllü vergi ödəmə mədəniyyətinin formalaşmasına dəstək” mövzusunda həyata keçirilən layihə çərçivəsində hazırlanaraq nəşr olunmuşdur.