Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçiriləcək

15 Yanvar 2013 15:34 (UTC+04:00)

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı keçirəcək.

Federasiyanın mətbuat xidmətindən  verilən məlumata görə, iki mərhələdən ibarət çempionatın I mərhələsi 18-19 yanvar (təsnifat - seçim yarışları), II mərhələsi 26-27 yanvar 2013-cü il tarixlərində (çətinlik və sürət üzrə yarışlar) baş tutacaq.

Çempionata Rusiya, Türkiyə, Gürcüstan və İran idmançıları ilə birlikdə ümumilikdə 100-dən çox iştirakçının qatılacağı gözlənilir.

Beynəlxalq federasiyaların tələbləri və şərtlərinə uyğun olaraq təşkil olunan yarışda FAİREX-in nəzdində fəaliyyət göstərən, respublikanın müxtəlif bölgələrindən olan klubların (Bakıdan "Ekosport", "A+A", "Climb-club", "Rock stone", "Meteor", "Bakı Dövlət Universiteti", "Qərb Universiteti idman klubu", Azərbaycan Turizm İnstitutunun "AMEAST", Bədən Tərbiyəsi və İdman Akademiyasının "Gənclik", "Xəzər Universiteti idman klubu", "İqtisad Universiteti idman klubu", Qobustandan "Tanrıdağ", Qusardan "Salavat", "Qusar" və "Zirvə", İsmayıllıdan "Babadağ", Zaqataladan "Mountain bee", Qaxdan "Extremal", Yardımlıdan "Kəmərqaya" və s.) idmançıları iştirak edəcək.

Yanvarın 14-dək FAİREX-in 103 idmançısı yarışlara qatılmaq üçün artıq qeydiyyatdan keçib. Qeydiyyat yanvarın 17-dək davam edəcək.