Qarabağda müharibə kabusu

19 Oktyabr 2016 09:00 (UTC+04:00)

“Müharibə kabusu Dağlıq Qarabağda yenidən göründü”. Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazıb. Son vaxtlar cəbhə xəttində tez-tez pozulan atəşkəs rejiminə diqqət çəkən nəşr qeyd edib ki, “dördgünlük müharibə”dən sonra müşahidə olunan sabitlik artıq geridə qaldı.

“Təmas xəttində gərginlik yavaş-yavaş, amma davamlı olaraq yüksəlir. Atəşkəsin pozulması statistikası bunu əyani şəkildə təsdiq edir. Apreldə “dördgünlük müharibə”dən sonra əldə oluna nisbi sakitlik görünür, keçmişdə qaldı. Əvvəlcə tərəflər gündəlik atəşkəs pozuntularından onlarla olduğundan danışırdı, indi atəşkəsin pozulma sayı yüzlərlərdir. Bu, getdikcə daha da yüksələ bilər”, - deyə nəşr təmas xəttində baş verənlərə diqqət çəkir. Nəşr bildirir ki, müharibə kabusu yenidən Qarabağda görünür və ciddi qarşıdurmanın olması ehtimalı böyükdür.
Elə siyasilər də rus nəşrinin xəbərdarlığını real hesab edirlər. İntensiv pozulmağa başalyan atəşkəs fonunda müharibə yenidən alovlana bilər. Qeyd edək ki, Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan” qəzetində dərc olunan “Müstəqil Azərbaycan dünyada böyük nüfuza, güclü beynəlxalq mövqeyə sahibdir” başlıqlı məqaləsində bu məsələyə toxunaraq bildirib ki, Qarabağ münaqişəsi hər an qaynar müharibəyə səbəb ola bilər.
Politoloq Oqtay Sadıqzadə məsələ ilə bağlı bildirdi ki, “Nezavisimaya qazeta” nəşri Kreml dairələrinə yaxın mətbu orqandır: “Çox məlumatlı nəşrdir. Bundan başqa, əksər ekspertlərin fikri budur ki, cari il 4 günlük aprel döyüşlərindən sonra cəbhə xəttində fundamental dəyişiklər baş vermədiyinə, danışıqlar prosesində rəsmi İrəvan “tormozladığına” görə, Azərbaycanın hərbi üsula əl atmaq ehtimalı kifayət qədər yüksək olaraq qalır. Yəni, siyasi vasitələrin tükəndiyi dövrə qədəm qoymuşuq. Belə olan halda müharibə ehtimalı istisna edilmir. Bu ehtimal yüksək faiz altında qüvvədə qalmaqdadır.
ATƏT-in Minsk qrupu müəyyən siyasi fəallığını yoxdur. Eyni zamanda Rusiyanın Ermənistana 200 milyon dollarlıq krediti ilə silah və “İsgəndər” raketlərinin verdiyi gördük. Rəsmi İrəvanın günahı ucbatından Azərbaycan dövlətinin də gələcəkdə silahlanmaya müraciət edəcək. Elə cənab Prezident İlham Əliyev Pakistan baş nazirini qəbul edərkən də qeyd etdi ki, gələcəkdə Azərbaycan Pakistan və digər dövlətlərdən silah almaqda davam edəcək. Belə olan halda Qarabağ istiqamətində müharibə ehtimalı öz aktuallığını saxlayır.
Düzdür, beynəlxalq arenada baş verən hadisələrə də fikir verməliyik. Beynəlxalq əlverişli an formalaşan kimi Azərbaycan dövlətinin növbəti hərbi kampaniya çərçivəsində öz ərazi büötvlüyün təmin etmək istiqamətində addımlar atacağına şübhə yoxdur. 1994-cü ildən ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti bizə başqa çıxış yolu qoymayıb. O baxımdan Rusiya qəzetinin fikirləri ilə razılaşmalıyıq. Cəbhə xəttində gərignliyi istisna etmək olmaz”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da rus nəşri ilə razılaşdığını bildirir: “Uzun illər olduğu kimi, son döyüşlərdən sonra da danışıqlarda irəliləyiş yoxdur. Yenə də atəşkəs intensiv pozulur.
Bundan başqa, Ermənistan təxribatlar apararaq Dağlıq Qarabağda hərbi təlimlər həyata keçirir. Hansı ki, məhz bunlar aprel döyüşlərinə səbəb olmuşdu. Eyni səbəbələr yenə də qalmaqdadır. Bu, o deməkdir ki, danışıqlarda irəliləyiş yoxdursa, təxribatlar davam edirsə, aprel toqquşmalarının yenidən təkrarlanma ehtimalı artır”.
Mübariz BAYRAMOV