Elektron cüzdanındakı pulların nağdlaşdırılması hələ də problemdir

19 Oktyabr 2016 09:30 (UTC+04:00)

“PayPal”, “Webmoney”, “Skrill” kimi bütün dünyada istifadə edilən ödəniş sistemlərindəki pulu Azərbaycanda plastik kartlara köçürərək nağdlaşdırmaq hələ də müşkül məsələdir. Halbuki, dünyada hər hansı istifadəçi elektron cüzdanındakı pulu cəmi bir neçə dəqiqəyə kartına köçürə bilir. Azərbaycanda isə heç bir bank bu cür xidmət təklif etmir. Belə vəziyyət xüsusən internet üzərindən ticarəti əngəlləyir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, Azərbaycanda təxminən 250-ə yaxın bank xidməti var: “Banklar isə bunun yalnız 30-nu həyata keçirirlər. Səbəbi ondan ibarətdir ki, bu günə qədər banklar gəlirlərini daha çox yüksək faizli kredit portfeli formalaşdırmaqla əldə edirdilər. Ancaq bu gün vəziyyət dəyişib.
Böyük ehtimalla, bu zaman çərçivəsində banklarda digər xidmətlər vasitəsi ilə də gəlirlərini artırmağa ehtiyac yaranacaq. Əvvəlki dövrlərdə bankların hesabatlarından məlum olurdu ki, əldə olunan gəlirin hər 100 manatının 70 manatı faiz gəliridir. Yəni, bankların digər sahələrdə xidmət təklif edərək özləri üçün əlavə problem zəhmətə qatlaşmasına ehtiyac yox idi. Faiz gəlirləri onları qane edirdi. Ancaq yəqin ki, bundan sonra xidmətlərlə bağlı banklar yenidən düşünməli olacaqlar. Çünki, gəlirlərinin əsas mənbəyi olan kreditləşmə prosesi dayanıb.
Eyni zamanda, bundan sonrakı dövrdə də kreditləşmə prosesi əvvəlki vaxtlarda olduğu kimi heç də rentabelli olmayacaq. Çünki, müştərilərin böyük müəyyən qismi faktiki olaraq, problemli müştəriyə çevrilib. Həmçinin portfelin sağlamlığının qorunması məqsədi ilə sonrakı dövrlərdə sığorta xərcləri, Mərkəzi Bankın ehtiyat fondu üçün tutmalar da baha olacaq. Belə şəraitdə onlar çalışacaqlar ki, digər xidmətəri də öz fəaliyyətləri sırasına daxil etsinlər. Ancaq bu funksiyanı niyə yerinə yetirmədiklərini detallı olaraq bankların özləri bilir. Bəlkə də texnki imkanları buna şərait yaratmır. Ola bilsin ki, hansısa risklər var və onu neytrallaşdıra biləcək gücləri yoxdur”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, əgər Azərbaycanda beynəlxalq praktikaları həyata keçirmək üçün addımlar atılırsa, turizmin inkişafı məqsəd kimi irəli sürülübsə, banklar bu iş haqqında da düşünməlidirlər: “Yəni, dünyanın əksər ölkələrində valyutadəyişmə məntəqələrinin rolunu bankomat aparatları əvəz etməyə başlayıb. Azərbaycanda da valyutadəyişmə məntəqələrinin xeyli hissəsinin bağlandığını nəzərə alaraq, istirahət günləri insanların valyutadəyişmə prosesində çətinlik yaşadıqlarını düşünərək ümumiyyətlə, yeni bank xidmətlərinin tətbiq olunmasında bankların özləri maraqlı olmalıdırlar.
Bankomatlarda haqqında danışdığımız funksiyaların tətbiqi banklar üçün əlavə xərcləri azaldacaq. Ümumiyyətlə, tək bu xidmətlər yox, digər xidmətləri də bankomantlar vasitəsi ilə həyata keçirmək mümkündür. Banklar bu addımı həyata keçirirsə, həm izafi xərclər baxımından qazanarlar, həm də vətəndaşlara, turistlərə yüksək xidmət göstərmiş olarlar”.
Mübariz BAYRAMOV