Şagirdləri döyən müəllim Təhsil şöbəsinə çağırılacaq

15 Yanvar 2013 16:02 (UTC+04:00)
Təhsil Nazirliyi "Youtube" şəbəkəsində məktəblilərin müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan video-görüntüyə münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynzadə APA-ya açıqlamasında Sumqayıt şəhər 17 saylı liseydə döyülmə faktının yer aldığı videonu izlədiklərini və bununla əlaqədar müvafiq olaraq tapşırıq verdiklərini deyib: "Ümumiyyətlə, bu haqda sosial şəbəkə və bəzi internet saytlarında məlumat verilib. Biz bu görüntüləri görəndə, Təhsil Nazirliyi olaraq tapşırıq verdik ki, Sumqayıt Təhsil Şöbəsində araşdırma aparılsın. Məlum oldu ki, bu, ötən ilin oktyabr ayında olan bir hadisədir. Bununla əlaqədar verdiyimiz tapşırığa əsasən, onlar həmin müəllim və digər müvafiq şəxslər Sumqayıt Təhsil şöbəsinə dəvət ediləcək. Hazırda araşdırma aparılır. Məsələ dəqiqləşəndən sonra müvafiq cəza tədbiri görüləcək".