Azərbaycan Avrasiya İnkişaf Bankının səhmdarı ola bilər

19 Oktyabr 2016 10:35 (UTC+04:00)

"Daha 12 ölkə Avrasiya İnkişaf Bankının üzvü olmağa namizəddir". Movqe.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Dmitri Pankin "İzvestiya" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, potensial səhmdarlar arasında Azərbaycan da var. Digər 11 namizəd isə Vyetnam, Misir, İsrail, Hindistan, İndoneziya, İran, Monqolustan, Sinqapur, Tayland, Cənubi Koreya və Yaponiyadır.

"2017-ci ilin sonunadək Avrasiya İqtisadi Birliyinin maliyyə sisteminin iştirakçılarının sayının artırılması ilə bağlı müvafiq icazələrin verilməsini istərdik. Böyük ehtimalla, 2018-ci ildə bütün formal prosedurları bitirə bilərik", - deyə D. Pankin bildirib.

Onun sözlərinə görə, bankın səhmdarı olmaq istəyən namizədlər seçilərkən ticari və investisiya aktivliyi kimi amillər nəzərə alınıb.

Avrasiya İnkişaf Bankı 2006-cı ilin yanvarında Rusiya və Qazaxıstan tərəfindən təsis olunan maliyyə qurumudur. Bankın nizamnamə kapitalı $7 mlrd. təşkil edir. Bankın səhmdarları sırasında Rusiya və Qazaxıstanla yanaşı Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan kimi ölkələr də var.