Prezident İlham Əliyev Qazaxda "Daş Salahlı" yarımstansiyasının açılışında iştirak edib

19 Oktyabr 2016 10:43 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılış mərasimində iştirak edib.

Dövlət başçısına yarımstansiya barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni “Daş Salahlı” yarımstansiyası inşa edilib. “Daş Salahlı” son 20 ildə qərb bölgəsində tikilən 110 kilovoltluq 4–cü, respublika üzrə isə 44–cü belə yarımstansiyadır.

Diqqətə çatdırılıb ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti dayanıqlı elektrik enerjisi ilə təmin edəcək.

Bildirilib ki, yarımstansiya Qazax və Ağstafa rayonlarında kənd təsərrüfatı, sənaye obyektlərini, o cümlədən mövcud sement, beton zavodlarını, əhəng karxanasını, “Azrosprominvest” müəssisəsini, “Mətanət A” şirkətini, digər emal müəssisələrini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələr üzrə inşa ediləcək obyektləri elektrik enerjisi ilə tam təmin edəcək.

Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

Sonra foto-video slayd vasitəsilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin gördüyü işlər barədə məlumat verilib.

Dövlət başçısı “Daş Salahlı” yarımstansiyasını işə salıb.

Prezident İlham Əliyevə 110 kilovoltluq açıq paylayıcı quruluşun və yarımstansiyanın ətrafında görülmüş abadlıq işləri barədə də məlumat verilib.