“Bizim borclar qaytarılsa, biz də borclarımızı qaytararıq” - Etibar Pirverdiyev

20 Oktyabr 2016 12:36 (UTC+04:00)

Manatın devalvasiyasına baxmayaraq, "Azərenerji" ASC xarici öhdəliklərinin yerinə yetirilməsində problemlə üzləşməyib. Bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib. "Mən bu cür rəqəmlərə o qədər də toxunan deyiləm. Düzdür, "Azərenerji"nin borcları var, lakin bizə də borcu olanlar var. Bizim SOCAR-a da borcumuz var. Bizə olan borclar qaytarılsa, biz də öz borclarımızı, o cümlədən SOCAR-a olan borcumuzu qaytararıq", - deyə dövlət şirkətinin rəhbəri bildirib.

E. Pirverdiyev əlavə edib ki, manatın devalvasiyaya uğraması "Azərenerji"nin bəzi xarici valyutalarda götürdüyü borcun artmasına səbəb olub: "Biz bununla bağlı Maliyyə Nazirliyinə müraciət etmişik. Hal-hazırda bu istiqamətdə birgə işləyirik. Buna baxmayaraq, bu günədək biz hər hansı borcun qaytarılmasında problemlə üzləşməmişik".