Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə «Təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə risklərin qiymətləndirilməsi metodologiyası» təsdiq edilib.
Nazirliyin Analitik-informasiya şöbəsindən movqe.az-a verilən məlumata görə, sənəd «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» Prezidentin 2016-cı il 4 avqust tarixli Sərəncamının müvafiq bəndinin icrası məqsədilə hazırlanıb.
Məqsəd vergi öhdəliklərini tam və vaxtında yerinə yetirilməsini
təmin etmək, vergidən yayınma halları üzrə risklərin
qiymətləndirilməsi üçün müvafiq vergi nəzarəti tədbirlərini seçmək
və vergi potensialını (vergi boşluğunu) müəyyən etməkdir.
Metodologiya təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə
vergidən yayınma risklərinin qiymətləndirilməsi, vergidən yayınma
hallarına yol vermiş vergi ödəyicilərinin vergi potensialının
müəyyən edilməsi və yayındırılmış vergilərin dövlət büdcəsinə
ödənilməsi məqsədilə həyata keçirilməli olan vergi nəzarəti
tədbirinin seçilməsi mexanizmlərini müəyyənləşdirir. Bu
metodologiyadan vergi nəzarəti tədbirlərinin düzgün seçilməsi,
planlaşdırılması və səmərəli həyata keçirilməsi üçün istifadə
ediləcək. Sənədə əsasən, risklər üzrə kameral vergi yoxlaması Vergi
Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində
həyata keçirilməlidir. Bu müddət bitdikdən sonra risklərə əsasən
həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə
bilməz.
Qaydalara əsasən, vergi uçotunda olan vergi ödəyicisi tərəfindən malların istehsal və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi yer öz əksini tapacaq. Vergi riskləri və vergi öhdəliklərinin hər hansı sahədə düzgün müəyyən edilməsi nəticəsində vergi ödəyicisinin maliyyə itkisinə məruz qalmasının mümkünlüyü göstəriləcək. Bundan başqa, biznes qrupu - analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri iqtisadi göstəricilər üzrə təsnifləşdirilərək biznes qruplarına (kiçik, orta və iri qruplara) bölünəcək. Risklərin qiymətləndirilməsi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) olan məlumatlardan istifadə etməklə həyata keçiriləcək. Hər sahə üzrə spesifik risklərin müəyyən edilməsi və qiymətləndirilməsi üçün istifadə olunan məlumatların dəqiqliyi araşdırılacaq. Hər sahənin xüsusiyyətinə uyğun parametrlər müəyyənləşdiriləcək. Risklərin qiymətləndirilməsi və vergi potensialının hesablanması ilə bağlı təhlillər isə analoji məlumatlar əsasında müəyyənləşdiriləcək. Təhlillər iki yolla - vertikal və mütənasib təhlil üsulu ilə aparılacaq. Hər iki təhlil üsulunun nəticələrinə əsasən risklər faizlə ifadə olunacaq. Faizlərin nisbətlərinə müvafiq olaraq 7 ballıq şkala əsasında hər risk intervalı üzrə qiymət (bal) müəyyən ediləcək.
Beləliklə, aparılan təhlillər vergi ödəyicilərinin vergidən yayınma risklərinin qiymətləndirilməsi əsasında yarana biləcək vergidən yayınma hallarının vaxtında qarşısının alınmasını təmin edəcək. Vergi növləri üzrə vergi potensialının qiymətləndirilməsi və büdcəyə vergi daxilolmalarının müəyyənləşdirilməsi, habelə vergi nəzarəti tədbirlərinin düzgün seçilməsi də bu metodologiya əsasında tənzimlənəcək.