Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda
təqsirləndirilən Rəşad Hacıyev və həyat yoldaşı Qızbahar
Hacıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası
keçirilib.
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları
dəqiqləşdirilib.
Prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən
şəxslərin dəfələrlə çağırılmasına baxmayaraq məhkəməyə gəlməməsini
əsas gətirib və onlar barəsində seçilmiş başqa yerə getməmək
haqqında qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz
olunmasını istəyib.
Hakim bildirib ki, məhkəmənin hazırlıq iclası dəfələrlə təyin
olunsa da, təqsirləndirilən şəxslər prosesə gəlmədiyinə görə iclas
təxirə salınıb.
Məhkəmə verilən vəsatəti təmin edib və hər iki şəxs məhkəmə zalında
həbs olunub.
Məhkəmə baxışı oktyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, Qusar rayon sakini olan ər-arvad Cinayət Məcəlləsinin
180 (soyğunçuluq) maddəsi ilə ittiham olunur.