Bu gün heç kimə sirr deyil ki, azərbaycanlı alıcıda xarici mallara daha çox hüsn-rəğbət var. Çox güman ki, bu hiss sovet dövrünün keyfiyyətsiz və zövqsüz istehsalının adamlarda doğurduğu təəssüratın qalığıdır. Lakin indi vəziyyət bambaşqadır. Azərbaycanda növündən, çeşidindən və istehlak yerindən asılı olmayaraq bütün məhsullar ən müasir avadanlıqlarda, ən yeni texnologiyalar əsasında, ən müasir uslublarda istehsal olunur.
Vaxt vardı Bakı tikiş fabrikində tikilən paltarlar
qeyri-mütənasibliyi ilə alıcılarda gülüş doğurur və mağazaların
piştaxtalarında onları toz basırdı. Tikinti və sənaye
avadanlıqları, yeyinti məhsulları da həmçinin. Ancaq indi zövqləri
oxşayan gözəl geyim məhsullarımız vitrinlərin bəzəyidir. Məsələn,
götürək ayaqqabı çeşidlərini. İndiyədək əhali yalnız xaricdən
gətirilən ayaqqabılara üstünlük verib. Hətta Çindən gətirilən saxta
və zərərli xammaldan hazırlanmış çəkmələr də daha yaxşı satılırdı,
nəinki Azərbaycanda istehsal olunanlar. Bu hal 2-3 il əvvələ qədər
belə idi. Ancaq indi mağazalarda keyfiyyətli dəridən, davamlı
altlıqdan hazırlanmış yüksək keyfiyyətli yerli ayaqqabılar xaricdən
gətiriləndən xeyli ucuz qiymətə normal qaydada satılır. Ancaq
hələlik istehsal və satış arasında həmahənglik istənilən səviyyədə
deyil. Xarici malların aldadıcı reklamı güclü olduğundan onların
təsirindən qurtarmaq heç də asan deyil. Hətta bunun aradan
qaldırılması üçün bəzən dövlətin işə qarışmasına ehtiyac yaranır.
Söhbət inzibati qaydalardan yox, ticarət siyasətindən gedir.
Bu günlərdə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə
verdiyi müsahibəsində görülən tədbirlər barədə danışıb. Onun
sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlar
yerli istehsalı dəstəkləmək, qeyri-neft ixracının təşviqi və
sahibkarlığın inkişafı üçün çox mühüm addımlar atıb: “İlk növbədə
qeyd etmək istəyirəm ki, aparılan iqtisadi islahatlar çərçivəsində
sahibkarlıq fəaliyyətinin yoxlanılmasının 2 il dayandırılması,
biznesin qurulması üçün lisenziyaların sayının azaldılması və digər
çox mühüm addımlar atılıb”. Nazir bildirib ki, 2016-cı ilin
yanvar-sentyabr aylarında Azərbaycanda sahibkarlıq fəaliyyətində 50
yoxlama keçirilib, halbuki ötən ilin doqquz ayı ərzində bu
göstərici 50 min təşkil edib. Ş.Mustafayevin göstərdiyi fakt
sahibkarların sərbəst fəaliyyətinə yaradılan şərait kimi böyük
sıçrayışdır. Bundan əlavə nazirliyin təqdimatı ilə yerli istehsalı
dəstəkləmək üçün 84 malın idxalına spesifik gömrük rüsum dərəcələri
tətbiq edilib.
Görülən tədbirlər yalnız yerli istehsalın qorunmasına və inkişafına
yox, bütövlükdə ölkə ərazisində ticarətin canlanmasına, maaşları
artırmadan əhalinin alıcılıq qabiliyyətinin artmasına şərait
yaradır. Belə ki, xarici mallarla eyni keyfiyyətdə və bəzən hətta
üstün olan yerli mallar daha ucuz qiymətə satılır. Çünki, onun
qiyməti üzərində nəqliyyat xərcləri, gömrük rüsumları oturmur.
Bizdə istehsala sərf olunan əmək daha ucuz başa gəlir ki, bu da
məhsulun qiymətinə birbaşa təsir edir. Sadəcə bizdə psixoloji
amillər əsasında yerli məhsulların satışı zəif olduğundan məhsulun
rentabelliyi aşağı düşür. Sahibkarın istehsalı təkmilləşdirmək,
genişləndirmək və müasirləşdirmək imkanı yaranmır ki, işini
ahəngdar apara bilsin. Ancaq görülən tədbirlər bu geriliyi aradan
qaldırmağa kömək edəcək və yerli məhsullar tezliklə bazarlarımızın
brendinə çevriləcək. İnkişafın Azərbaycan modeli bu tezisləri
həyata keçirmək gücündədir.
N.NOVRUZ