Azərbaycandan Rusiyaya gedən sürücülər üçün bu ölkədə qalma müddəti artırılacaq

20 Oktyabr 2016 23:30 (UTC+04:00)

Azərbaycandan Rusiya ərazisinə beynəlxalq yükdaşıma əməliyyatları həyata keçirən sürücülərin bu ölkədə qalma müddəti (icazə) artırılacaq. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin beynəlxalq əməkdaşlıq və daşımalar sektorunun müdiri Hidayət Aslanov bildirib.

"İki ölkə arasında olan qaydalara görə, Azərbaycan vətəndaşları, o cümlədən beynəlxalq daşımalarda iştirak edən sürücülər Rusiya ərazisində xüsusi icazə olmadan 90 gün qalmaq hüququna malikdirlər. Bu müddətə məhəl qoymayanlara qarşı cərimələr tətbiq olunur və ölkə ərazisindən 3 il müddətinə deportasiya olunurlar.

"Dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında bu müddətin uzadılması ilə əlaqədar Rusiya tərəfinə müraciət etmişik. Hazırda beynəlxalq daşımaları həyata keçirən sürücülərin sadə vətəndaşlardan hansı şəkildə fərqləndirilmələrinə dair mexanizm hazırlanmalıdır", - deyə H.Aslanov qeyd edib.

Qeyd edək ki, hazırda Bakıda beynəlxalq avtomobil daşımaları sahəsində Azərbaycan-Rusiya Qarışıq Komissiyasının iclası keçirilir və bu məsələ iclasın əsas müzakirə mövzusudur. Tərəflər arasında məsələ ilə bağlı razılıq əldə olunandan sonra müvafiq protokol imzalanacaq və hər iki ölkənin hökumətinə təqdim olunması təklif edilir.