Parlament seçkilərinin ikinci turu üçün 2,5 milyon dollar tələb olunur

20 Oktyabr 2016 18:15 (UTC+04:00)

Gürcüstan Mərkəzi Seçki Komissiyası parlamentinə seçkilərin ikinci turunun keçirilməsi üçün büdcədən əlavə olaraq 2,5 milyon dollar tələb edib.

Gürcüstan KİV xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamara Jvaniya bildirib.

Məlumata görə, partiya siyahısı (proporsional-çoxmandatlı) üzrə seçki başa çatıb. İlkin məlumata əsasən, qarışıq seçki sistemində hakim "Gürcü arzusu" Partiyası 44 yer, keçmiş hakimiyyət partiyası "Vahid Milli Hərəkat" 27 yer, "Vətənsevərlər birliyi" isə 6 yer qazanıb. Gürcüstan parlamentində isə 150 yer var.

Xatırladaq ki, Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da keçiriləcək. Seçkilər 48 təkmandatlı-majoritar dairə üzrə baş tutacaq. İki dairədə isə təkrar seçki olacaq. Təkrar seçki isə oktyabrın 22-nə təyin olunub.

Gürcüstan parlamentinə ilk seçkilər isə bu il oktyabrın 8-də keçirilib.