Naxçıvanlıların özləri demişkən, Naxçıvana dəyib
qayıtdıq. Cəmi-cümlətanı bir gün, bir gecəlik səfərin
formal adı belədi. Məzmun isə... Forması qısa olan səfərin
məzmunu daha uzun, daha dərin və daha tarixidir.
Ölkənin aparıcı və tanınmış media rəhbərləri olaraq
qrupumuzun Naxçıvan barədə ilk təsəvvürləri gedənbaş
təyyarədə yarandı. Aydındır ki, əslən naxçıvanlı olan
bir neçə baş redaktoru çıxmaq şərtilə, qrupumuzdakı
əksəriyyət Naxçıvanı tam yeni bir aləm kimi görməyə
gedirdi. Təyyarədə maraqlı söhbət başladı. Kimlərin
Naxçıvanda indiyədək olub-olmadığı soruşuldu.
Kimlərsə heç vaxt bu diyarda olmadığını dedi. Biri 24 il
əvvəl olduğunu, başqa biri 6 il əvvəl olduğunu deyəndə
Fondumuzun icracı direktoru Vüqar Səfərlinin ritorik
cavabı hamının diqqətini çəkdi: "Elə bu da Naxçıvanda
olmamaq kimi bir şeydi". Hətta 6 il əvvəl Naxçıvanda son
dəfə olmaq əslində orada olmamaq kimi təqdim oluna
bilərsə, bunun mənası mübahisəsiz olaraq belədir:
"Naxçıvan hər il, hər ay, bəlkə hər həftə dəyişmə
prosesindədir".
Mən bir naxçıvanlı kimi qürur duydum ki, illərin
ayrılığından sonra Naxçıvanı belə gördüm. İlk qədəm
basdığımız "Təbriz" otelinin interyerində, fasadında
və xidmət sektorundakı köklü dəyişikliklər son illərdə
Muxtar diyarın yaşadığı böyük dəyişmələrin miqyasını
göstərən tək fakt deyildi. Qarşıdakı təxminən iki gün
ərzində ictimiyyət nümayəndələri ilə görüşlər, yerli
idarəetmə məmurları ilə müzakirələr, onların
intellektual və icraçılıq-idarəçilik məharətlərinə
qiymət vermək imkanı, müqəddəs Əshabi-Kəhf ziyarətgahı,
əfsanəvi Əlincə qalası, uzaqdan görünən Nəiminin
türbəsi, Gülüstan türbəsi, Mömünəxatun məqbərəsi,
Bayraq muzeyi, Media mərkəzi, Biznes mərkəzi, H.Əliyev
muzeyi və əlbəttə ki, baş çəkməyimiz üçün nəzərdə
tutulmuş bir ünvandan digərinə gedərkən yolboyu
Naxçıvan şəhərinin, Şahbuzun, Culfanın və sairin təmiz
və yaşıllıq fonundakı ekzotik görkəmi ilə tanışlıq
imkanlarımız hələ qabaqda idi.
İlk görüşümüz Naxçıvan şəhərindəki Texniki Kollecin
binası ilə tanışlıq və orada işgüzar konfransdan başladı.
Bizimlə eyni və bənzər fəaliyyət sahələrinin
nümayəndələrinin, yerli məmurların qatıldığı konfrans
açıq söhbət müzakirələri ilə keçdi. Bu illər ərzində
Naxçıvanda qurulub-yaradılan hər şeyin ilk anonslarını
elə burada aldıq. Naxçıvanın yenidən yaradılması
prosesinin birbaşa icraçısı olan insanların bir qrupu
ilə canlı təmasda olduq. Hər biri mümkün qədər geniş
danışmaq, biz qonaqlara öz diyarını daha kamil təqdim
etmək istəyirdi. Buna haqları da var. Axı bu diyar həm də
onların əli ilə yaradılıb və bu işdə onların da zəhməti
var...
Naxçıvanla bağlı, xüsusilə də internet mediada rast
gəlinən birtərəfli, qərəzli və qaralayıcı xəbər və
şərhlərdən yerli insanlardakı narahatlığı gördük.
Əlbəttə, heç onlar da, bizlər də o iddiada deyilik ki,
Naxçıvan "Neva Prospekti" kimi dümdüzdü və heç bir
əyər-əskiyi yoxdu. Ancaq bu insanların narahatlığı ilə
mütləq razılaşmalı olursan - bugünkü Naxçıvan
yerlilərin əsaslı şəkildə tənqidlə qarşıladıqları
qərəzli yazılarda göstərildiyi kimi deyil axı... Belə
olsa, bizim ünsiyyətdə olduğumuz canlı insanlardan
başqa, abadlaşdırılmış cansız küçə və parklar, salınmış
yaşıllıqlar, adamın ölüb-qalmaq istədiyi yüksək şəkildə
abadlaşdırılmış keçmiş xarabalıqlar, səliqəli daş
döşənmiş ziyarətgahlar, müxtəlif ölkələrin arxiv və toz
basmış künc-bucaqlarından "minbir" əziyyətlə
gətirilərək milli şərəf tariximizin şahidlərinə
çevrilmiş muzey eksponatları, 2 min metr hündürlükdə
tarixi Əlincə qalasının başında at-eşşək gücünə
qaldırılaraq daş döşəmələrdən yaradılmış əzəmətli
Bayraq meydanı, 150-200 metrlik dağın altında yüz metrlərlə
üfüqi dərinliklərə işləmiş məşhur "Duz dağı"nın super
cəlbedici tərtibatı, daha nələr, nələrsə canlılar kimi
dil açıb etiraz edər, yazısı ilə qərəz püskürənlərə "qızıl
balans" prinsipini unutma və bir az ədalətli ol" deyər,
deyəcək də...
İllər öncə Afrika ölkələrindən birinə səfir
göndərilmiş Türkiyənin Naxçıvandakı konsulunun Muxtar
Respublikanı tərk edərkən müsahibəsində dediyi bir
cümləni xatırladım: "Vəsiyyət edəcəyəm ki, öləndə məni
qaytarıb Naxçıvanda dəfn etsinlər" Yerli camaat deyir
ki, indi Naxçıvanda dələduzluq, xuliqanlıq, oğurluq, yol
qəzaları kimi xırda cinayətlərin kökü kəsilib, ağır
cinayət halları baş verəndə isə bütün Respublikanı
təəccüb bürüyür. İnsanların təhlükəsiz yaşadığı bu
bölgədə ölülərin də rahat yatmasına güvənən türk
konsulunun qəribə arzusuna haqq verdim...
Həqiqətən də bu gün Naxçıvanın ən çox nəyə ehtiyacı var?
Fasiləsiz dəyişmə prosesi gedir, insan həyatı
təhlükəsizdi, yollarına söz ola bilməz, 350 adda
müxtəlif təyinatlı yerli məhsul istehsal olunur, hərbi
hissələrdə ideal nizam-intizam, nəqliyyatda
qayda-qanun, inanılmaz səliqə-sahman, təmizlik də öz
yerində... Bakının abadlığına baxan adamlar qoy
inciməsinlər, Naxçıvanı görsəydilər və gördüklərindən
nəticə çıxarsaydılar, ünvanlarına yağdırılan
tənqidləri qəbul edərdilər. Biz orada olduğumuz iki
günün biri intensiv yağışlı keçdi. Ancaq yağışın
fövqəladə nəticələrinin şahidi olmadıq. Azacıq
yağışdan sonra Bakıda keçilməz gölməçələrin əlində
əsir-yesir qalan təsərrüfatçı rəhbərlər gedib
Naxçıvanda təcrübə öyrənsələr, pis olmaz.
Bu gün Naxçıvanın dürüst, ədalətli yanaşmalara çox böyük
ehtiyacı var. Bu hamıya aiddir - istər jurnalist, istər
qeyri jurnalist olsun, getdinsə, gördünsə, doğru və
gerçək olanı etiraf etməlisən. Ancaq bəzi hallarda bunun
əksi baş verir, oranı qurub-tikən insanların qəlbinə
toxunan yazılar peyda olur. Burada Bakıdan gedənlər
olaraq bəlkə bizim də günahımız var. Görünür, bizlər
indiyə qədər Naxçıvandakı prosesləri, genişmiqyaslı
dəyişmələri həm də bütün Azərbaycanın kamilləşən
dövlətçilik prosesinin tərkib hissəsi kimi qəbul edə və
ona mümkün qədər çox diqqət ayıra bilməmişik. Başqa sözlə
desək, Naxçıvanda gedən işləri təkcə Naxçıvanın özünə
dəxli olan məsələ kimi qəbul edərək bir az kölgədə
buraxmışıq. Məsələnin naxçıvanlıların özlərinə aid
məsuliyyət tərəfi də var. Hər kəs özünün gücünü
Naxçıvanın abadlaşdırılması kontekstində qarşısına
qoyulmuş konkret vəzifələrin keyfiyyətli icrasına
yönəltdiyi üçün icra edilmiş işlərin böyük nəticələrini
tanıtmaq, müasir menecerlərin dili ilə desək, reklam
etmək görünür arxa plana verilib. Təvazökarlıq yaxşı
keyfiyyətdi. Ancaq o da heç olmasa minimum həddində
olmalıdı. Bu həddən aşağı düşəndə görülmüş real işlərin
nəticəsi kənara sıxışdırılır, ortada tək-tək nüanslara
söykənən qərəz və ittihamlar at oynatmağa başlayır.
Mübaliğəsiz deyim ki, bu gün Muxtar diyarımızın adi
məmurundan başlayaraq ta Ali Məclisin rəhbərliyinə
qədər hamının qurub-yaratdığı ilə bunları daha geniş
auditoriyalara tanıtmaq fəaliyyəti arasında balans
yoxdu. Halbuki, bu balansın olması çox vacibdi. Belə bir
deyim var:aşığı oynamaq üçün yığırlar. Torpağı da təkcə
abadlaşdırmaq xatirinə abadlaşdırmırlar. Bunları
hamıya göstərmək də lazımdır. Başqalarına da nümunə
olsun deyə, nəyisə dəyişməyi mümkünsüz sayan tənbəl və
pintilər hərəkət etsinlər deyə... Niyə də Bakıdakı
insanların, bölgələrimizin əhalisinin, hələ də abad
yolu, işığı, qazı olmayan bəzi ucqar kəndlərimizin
sakinlərinin, bunlara görə məsul olan yerli rəhbərlərin
Naxçıvanda reallaşan gözəlliklərdən xəbəri
olmasın?!
KİV DF-nin təşkil etdiyi bu səfər Azərbaycanın başqa
bölgələrində indiyə qədər keçirdiyimiz görüşlərdən
təbii ki, fərqlidi. İki sadə səbəb var. Başqa bölgələr,
hətta ən ucqar kəndləri də daxil olmaqla, Naxçıvan qədər
abad deyil, ikinci səbəb, Naxçıvan rəhbərliyi bu fərqli
mənzərəni başqaları ilə müqayisədə daha az imkanlarla
həyata keçirə bilib.
Bu səfərin bizə də, Naxçıvan rəhbərliyinə də, Naxçıvan
sakinlərinə də əhəmiyyətli olacağına şübhəm yoxdu.
Bizim üçün əhəmiyyətlidir ki, Naxçıvanı indiyə qədər
medianın ən iti baxış bucağından kənarda tutmaq ənənəsi
sındı. Naxçıvan rəhbərliyi üçün əhəmiyyətlidir ki, bu
diyarın gələcəyinə şübhə ilə baxanların proqnozlarını
alt-üst edərək, orada yaratdıqlarından bütün
azərbaycanlıların, hətta əcnəbilərin zövq ala
bilməsinə daha bir imkan açıldı.
Naxçıvan əhalisi üçün əhəmiyyətli o oldu ki, Bakı
mediasının bu gün Naxçıvanla birgə olmaq istəyini real
olaraq gördü. Bilməyənlər üçün deyim ki, indiyə qədər KİV
DF-nin İcra hakimiyyətləri ilə keçirdiyi görüşlərdən
sonra mediamızın həmin bölgəyə baxışı dəyişib,
obyektiv və qərəzsiz baxış daha üstün tendensiyaya
çevrilməyə başlayıb. Eynilə Naxçıvanla da gələcək
münasibətlərin belə olacağına şübhə yoxdu. Və bu, yerli
hakimiyyətlərlə media arasında işgüzar əlaqələrin
qurulmasında KİV DF-nin öz missiyasını yüksək səviyyədə
icra etdiyinə növbəti sübut olacaq.
Son 20 ildə dünyanın saysız yerlərində olmuşam, rəsmi və
qeyri-rəsmi insanlarla görüşmüşəm. Naxçıvan kimi
fasiləsiz və sürətlə dəyişən tək-tək yerləri
xatırlayıram.
İllər öncə hərə bir motivin təsiri altında olmaqla bir
çoxları Naxçıvanı tərk etdi. Şəxsən mənim özümün
Naxçıvanı, Ali Məclisdə dövlət quruculuğu şöbəsinin
baş referenti vəzifəsini tərk etməyimin səbəbləri
bunların heç birinə oxşamır. Bəziləri şəxsi ambisiya
ilə diyarı tərk etdi, bəziləri muxtariyyəti məhvə
məhkum hesab etdiyindən, onunla birlikdə qürub etmək
istəmədiyi üçün tərk etdi. O zaman, yəni mərhum Heydər
Əliyevin Bakıya gəlişindən sonrakı ilk illərdə bəlkə də
Naxçıvan əhalisinin böyük hissəsi pessimist
ovqatda idi, sabaha aydın baxa bilmirdi, məhvə məhkum
olduğunu düşünürdü. Azərbaycandan tam təcrid
vəziyyətinə düşmüş insanların üstəlik mərhum Heydər
Əliyevin Bakıya qayıtmasından sonra nikbin əhvalda ola
bilmələri zatən təəccüblü olardı. O zaman Naxçıvanda
tam fərqli və optimist düşüncəli insanlara çox böyük
ehtiyac var idi. Məhz onlar MR əhalisini bu pessimizmdən
qurtarmalı, inandırmalı idilər ki, Naxçıvan bu
vəziyyətdən nəinki çıxacaq, üstəlik özünü xeyli
gözəlləşdirəcək də. Belə passionar, yəni özü ilə
bərabər başqalarına da enerji ötürə bilən aparıcıların
öncülü olmaq missiyası Vasif Talıbovun üzərində
düşdü.
Həyatımın böyük hissəsi Naxçıvanla bağlı olub.
Universitetdə, bir neçə il Ali Məclisdə işləmişəm. Ali
Məclisin sədri postunda əfsanəvi Heydər Əliyevi
yaxından görmək, onun ilk uğurlu şagirdlərindən biri olan
Vasif Talıbovun rəhbərliyi altında işləmək, onunla
ünsiyyət imkanlarım olub. Heydər Əliyevin hələ
Naxçıvanda ikən bu diyara və bütün Azərbaycana nələr
verə biləcəyi mənim üçün qeyri-müəyyən deyildi. Elə bunu
bildiyim üçün Azərbaycanda Heydər Əliyevin ilk
müdafiəçilərindən oldum, 91-92-ci illərdə yerli
"Ağrıdağ" qəzetində, Bakıda "İki sahil" qəzetində,
Naxçıvan televiziyasında çıxışlarımda Heydər Əliyevi
Azərbaycanın bütün siyasi perspektivlərindən kənarda
qoymaq istəyənlərin çox ziyanlı yolda olduqlarını
göstərməyə çalışdım. Heydər Əliyevin Azərbaycan
dövlətçiliyinə 1918-ci ildən sonrakı dövr üçün ikinci
nəfəslik açmaqda alternativsiz rol oynaya biləcəyini
əvvəldən görürdüm. Öncədən görülənlər sonradan
gerçəkləşdi.
Heydər Əliyevdən sonra Vasif Talıbovun Naxçıvan üçün
nələri edə biləcəyi bəzilərinə inanılmaz, bəzilərinə
qeyri-müəyyən görünsə də, bu sətirlərin müəllifi olaraq
mənə aydın idi. Onun Heydər Əliyev məktəbindən
təsirlənməsi faktoruna adi baxmaq olmazdı. Çünki bu
"siyasi məktəb" tək öz şagirdlərini yox, hətta ona
kənardan baxanları da öyrətmək gücündə olan orijinal
təzahür idi. 90-92-ci illərdən başlayaraq o məktəbin çox
"şagirdləri" və "məzunları" oldu. Ancaq Naxçıvanın
bugünkü mənzərəsi, iqtisadi potensialı, istehsalat
gücü sübut edir ki, Heydər Əliyevin dövlətçilik
təfəkkürünə, idarəçilik prinsiplərinə, hakimiyyət
məsuliyyətinə, xarakterinə, məqsədyönlülük
prinsiplərinə Naxçıvanda ən yaxın olan Vasif Talıbov
imiş. Naxçıvanda Heydər Əliyevin əlinin altında çoxları
işlədi. İndi hardadı onlar? Heydər Əliyevin öyrətmək
istədiklərini onların hamısı öyrəndimi? Kimsə deyə
bilərmi ki, Heydər Əliyev idarəçiliyi Naxçıvanda tək
Vasif Talıbova öyrətmək istəyirdi?! Heydər Əliyev üçün
önəmli deyildi ki, onun idarəçilik təcrübəsini
Naxçıvanda kimlər öyrənəcək. Onun üçün maraqlı idi ki,
öyrənənlər mümkün qədər çox olsun...Kimlər öyrəndi,
kimlər öyrənmədi, bu artıq hər kəsin öz şəxsi qabiliyyət
məsələsi idi...
"Duz dağı" yalayan ingilislərin sayını artırmaq
gərəkdi...
Heyrətləndiyimiz ünvanların hamısı haqqında
ayrılıqda söhbət açmaq üçün yetərincə əsaslar var. Ancaq
daha təfsilatlı söhbətləri növbəti səfərimizə
saxlayaq və ümid edək ki, MR rəhbərliyi media ilə daha bir
geniş görüşə məqbul yanaşacaq. Bu gün Naxçıvanın böyük
bir piar işinə ehtiyacının olması bunu diqtə edir.
Gərəkdi ki, məşhur "Duz dağ" müalicə müəssisəsinin
həqiqətən duzdan ibarət olduğunu yəqinləşdirmək üçün
oranı dili ilə yalayan ingilis-əcnəbilər yüzlərlə,
minlərlə olsun. Müqəddəs Əshabi-Kəhfə qədər neçə
kilometrlərlə tam işıqlandırılmış və ətrafı
yaşıllaşdırılmış yol, ziyarətgahın zirvəsindəki
nağılvari "Cənnət bağı"na qədər 1400 pilləlik yaraşıqlı
çıxış hansı əcnəbinin diqqətini çəkməz ki?! Teymurləngi
düz 14 il mühasirə əzabına məhkum etmiş tarixi Əlincə
qalası hər birimiz üçün milli-mənəvi qürur obyektidir.
15-20 il əvvəl az sayda adamlar bundan xəbərdar idi, daha az
sayda adamlar isə onu öz gözlərilə görmüşdü. Bu gün
Əlincənin zirvəsində - 2 min metr hündürlükdə yaradılmış
füsunkar Bayraq meydanı, bu meydana qədər 1500-dək
pilləkənli yol hər bir şəxsə ordakı gözəlliklərə şahid
olmaq imkanı verir. Kim nə deyir desin, Əlincəyə çəkilən
əzəmətli yol Azərbaycanın şərəfi sayılan bu qalanı
yenidən xalqımıza qaytarmaqdı. İranın bir Hissəsini,
bütün Naxçıvanı ovuc içi kimi göstərən Əlincə zirvəsini,
onun inanılmaz zövq və əziyyətlə çəkilmiş yolunu,
başındakı Bayraq meydanını bircə dəfə görmək üçün
istənilən bir əcnəbi vətəndaş nə qədər desəniz pul
xərcləyə bilər. Hələ tam açılmamış turizm potensialı
Naxçıvan üçün böyük valyuta gətirə bilən bir mənbədir.
Daha bir mənbə. Muxtar Respublikadakı Biznes Mərkəzində
bir dəfə olmaq kifayətdi ki, yerli istehsal sayılan
350-dən çox addakı malların xaricə çıxışının təşkil
olunması ilə Respublikaya nə qədər valyutanın axa
biləcəyini təsəvvür edəsən. Yetər ki, Naxçıvanı
əcnəbilərə, Azərbaycanın başqa bölgələrindən olan
insanlara "xortdan" obrazında yox, elə bugünkü real
obrazı ilə təqdim edə bilək. Bu həm bizdən, həm də
Naxçıvanın öz rəhbərliyindən çox asılıdır.
Aydın QULİYEV - "Bakı xəbər" qəzetinin baş redaktoru