Akif Çovdarovun işi üzrə zərərçəkmiş kimi tanınan şəxsin məhkəməsində iki nəfər şikayətini geri götürüb

21 Oktyabr 2016 13:11 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Movqe.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

Sahib Cahangirli ifadəsində deyib ki, 2013-cü ilin fevral ayında dayısı İ. Qasımov tərəfindən şirkətin sədri təyin olunub: "Gülağa Tənha bizimlə şərik idi. Mənzillərin alqı-satqısı İlham Qasımov və Gülağa Tənha tərəfindən razılaşdırılırdı, mən prosesi icra edirdim. Gülağa Tənha tərəfindən verilən pullar sadəcə, aktlaşdırılıb, lakin şirkətə mədaxil olmayıb. Gülağa Tənha tərəfindən 13 milyon 600 min manat vəsait mənə verilmişdi. Mən bu pulların hara xərcləndiyi barədə İlham Qasımova məlumat verirdim".

Sonra şahidin ifadəsinin ziddiyyətli olduğu bildirilib və onun ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadədə göstərilib ki, G. Tənha 13 milyon manat pulu ona yox, İ. Qasımova verib.


Şahid prokuror və vəkillərin suallarını cavablandırıb.


Sonra prosesdə zərərçəkmiş şəxs Kamal Məmmədov ifadə verib. O, İ. Qasımovun tikdiyi mənzili aldığını bildirib: "Mənzili 110 min manata aldım. Evi təmir edəndən sonra ora köçdük. Ancaq 4 sonra bir nəfər adam gəlib dedi ki, bu evi o da alıb. Məlum oldu ki, eyni mənzil iki nəfərə satılıb. Bu zaman mübahisə yarandı. Ancaq hazırda mən şikayətçi deyiləm, həmin mənzildə artıq mən yaşayıram, problem aradan qalxıb".

Təqsirləndirilən İ. Qasımov isə etiraz edərək, istintaqın qərəzli və sifarişlə aparıldığını deyib.


Məhkəmə prosesi oktyabrın 28-də davam etdiriləcək. /apa/