Son zamanlar Rusiya rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Türkiyənin rolunu aktiv şəkildə gündəmə gətirməyə başlayıblar. Sonuncu dəfə bu cür açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin aktivliyini şərh edərək bildirib ki, Minsk qrupu ölkələrinin əsas missiyası Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv rol oynamaq və münaqişənin həllinə töhfə verməkdir: “Minsk qrupunun üzvü olan Türkiyənin münaqişənin həllində aktiv rol oynaması da yalnız alqışlana bilər”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri,
türkiyəli politoloq Hasan Oktay bildirdi ki, Qarabağ problemi
gündəmə gəldiyində Avropa və ABŞ işin ciddiliyini anlayıb ona uyğun
bir siyasət həyata keçirsə idi, indi bəlkə bu mövzunu müzakirə
etməyəcəkdik: “Həm Avropa, həm də Rusiya problemin bu şəkildə
qalmasını istədi. Amma sonunda gördülər ki, Qarabağ problemi həll
edilməsə, bölgədə meydana çıxacaq döyüş regional təsirindən çox
dünya tarazlığını dəyişdirəcək bir nəticə doğuracaq.
Qərb ilə Rusiya arasındakı Ukrayna böhranı, Qarabağın probleminin
həll edilməməsi Rusiyanın bir müdaxilə metodu olaraq Qarabağ
modelini Ukraynada tətbiq etməsi ciddi mənada problem meydana
gətirib. İndi gəlinən nöqtə Qarabağ münqişəsinin həll edilməsi və
bu həllə Türkiyədən yardımın istəyidir. Bu yardım Minsk qrupuna
Türkiyənin alınması və ya Türkiyənin həll haqqındakı görüşlərinin
önə çıxması ilə mümkün olacaq. Rusiya yeni ittifaqlar
axtarışındadır. Buna görə Türkiyəni yanında görmək isteyidiyindən
belə bir metoddan istifadə edə bilər. Nəticədə Qafqazdakı sülhün
“açarı” Rusiya və Türkiyənin əlindədir”.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutu, politoloq Məhəmməd
Əsədullzadə bildirdi ki, son bir aydı Qarabağ münaqişəsinin həlli
istiqamətində diplomatik hərəkətlilik yenidən artıb: “Bu aspektdə
xüsusən Türkiyə və Rusiya rəsmlərinin mövqeyi tez-tez eşidilir.
Rusiya prezidenti Vladimir Putinin İstanbul səfərində iki ölkə
arasında münasibətlərin inkişafı üçün danışıqların getdiyi
məlumdur. Türkiyə də bundan istifadə edərək, Azərbaycanın işğal
olunmuş ərazilərinin boşaldılması üçün istəklərini bildirib.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun beş rayounun boşaldılması
ilə bağlı açıqlaması Rusiya ilə aparılan müzakirələrin nəticəsidir.
Amma o, beş rayonun hansı şərtlərlə geri qaytarıldığının
detallarını şərh etmədi. Ardınca İrəvanda Putin də münaqişənin
tənzimlənməsində kompromisi qeyd etdi. Türkiyə aktiv şəkildə Rusiya
ilə danışıqları aparır.
Türkiyə bilir ki, “açar” Kremldədir. Rusiya da Türkiyə ilə
münasibətlərin inkişafı üçün Türkiyənin bu mövqeyinə isti yanaşır.
Rusiyanın XİN rəhbəri Sergey Lavrov da Türkiyənin danışıqlarda
rolunu müsbət qiymətləndirib. Nəzərə alaq ki, son üç aydı Qarabağla
bağlı danışıqlar prosesi dayanmışdı. Türkiyənin fəal müdaxiləsi ilə
yenidən diplomatik danışıqlar aparılır. Rusiyanın XİN rəsmisi
Mariya Zaxarovanın Türkiyənin fəaliyyətini alqışlaması, sadəcə
Putinin və Lavrovun açıqlamalarının davamıdır. Türkiyə Minsk
qrupunun üzvü olaraq prosesi sürətləndirə bilər.
Rusiyanın Türkiyə ilə Qarabağla bağlı diplomatik danışıqları
tərəflərin Suriya ilə ortaq mövqeyə gəlməsi ilə bağlıdır. Suriyada
iki ölkənin maraqları kəsişsə, Rusiya Türkiyənin fəaliyyətinə isti
yanaşacaq. Zaxarova Türkiyənin rolunu qiymətləndirməklə, Rusiyanın
rəsmi mövqeyini bildirmiş oldu. Bu da var ki, Rusiya Türkiyənin
vasitəsilə Azərbaycanı nəsə kompromisə məcbur edə bilər. Azərbaycan
Prezidenti İlham Əliyev isə “Sputnik”ə verdiyi müsahibədə
kompromisin nədən ibarət olacağıın açıqlamaqla məsələyə nöqtə
qoymuş oldu. Ən böyük kompromisin Qarabağa muxtar respublika
statusunun verilməsi olduğunu bildirdi. Türkiyə Azərbaycanın
mövqeyini dəstəkləyir və aparılan danışıqlar bu istiqamətdə olacaq.
Türkiyənin Rusiya ilə Qarabağ münaqişəsinin nizamlanmasında
vasitəçiliyi yalnız Azərbaycanın mövqeyini gücləndirmiş olacaq. Bu
danışıqlar prosesi müsbət nəticələnməsə, növbəti aylarda cəbhə
bölgəsində yenidən toqquşmalar qaçılmaz olacaq. Artıq danışıqların
pik nöqtəsidir. Bundan sonra aparılacaq danışıqlar səmərəli olmaz.
Amma Minsk qrupunun həmsədri olan ABŞ Türkiyə-Rusiya yaxınlaşması
və birgə Qarabağ münaqişəsinin həlli istiqamətində çalışmalarına
seyrçi qalmayacaq. Ermənilərə ciddi dəstək verməklə danışıqları
poza bilər. Bu, çox həssas və mürəkkəb məsələdir”.
Mübariz BAYRAMOV