Ukraynada məşhur pərakəndə satış mağazalarından biri satışa yeni
çıxarılan “iPhone 7” telefonları ilə bağlı maraqlı kampaniyaya
başlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, “simvolik
qiymətə “iPhone 7” telefonuna sahibi olmağa nə deyirsən?” şüarı ilə
başladılan kampaniyada adını və soyadını dəyişdirən şəxsə 1
qrivnaya (təqribən 0,06 qəpik) “iPhone 7” telefonu təklif
olunur.
Kampaniyanın şərtlərinə görə, müştəri mütləq adını dəyişdirib
“Ayfon”, soyadını isə “Sim” qoymalıdır. Eyni zamanda, həmin şəxslər
ad və soyadlarını dəyişdirdiklərini sübut etmək üçün yeni şəxsiyyət
vəsiqələrinin surətini sözügedən satış mağazasına təqdim
etməlidirlər. Bütün bunlar edilən təqdirdə, həmin müştəriyə 1
qrivnaya “iPhone 7” telefonu satılacaq.
Kampaniyadan cəmi 5 Ukrayna vətəndaşı faydalana biləcək.
Qeyd edək ki, Ukraynada vətəndaşlar 16 yaşından etibarən ad və
soyadlarını dəyişdirmək hüququna sahibdir. Ad və soyadı dəyişdirmək
üçün tələb olunan dövlət rüsumu təqribən 120 qrivna (7,75 AZN),
şəxsiyyət vəsiqəsinin alınması üçün müraciətlərin gözləmə müddəti
isə 3-6 aydır.