2013-cü il "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edildi

15 Yanvar 2013 20:57 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu gün Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.  Iclasda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, düşünülmüş iqtisadi siyasət nəticəsində bütövlükdə ötən il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Ötən il Ümumi Daxili Məhsul 2,2 faiz, qeyri-neft sənayesi 8 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 6 faiz, əhalinin pul gəlirləri 13,8 faiz artıb, inflyasiya 1,1 faiz səviyyəsində olub. Dövlət başçısı ötən il sosial proqramların da uğurla icra olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Sovet dövründən dondurulmuş əmanətlərin vətəndaşlara kompensasiya şəklində ödənilməsi proqramının böyük hissəsi icra olunub. İnvestisiya xərcləri 22 milyard dollardan çox olub. Əlamətdar haldır ki, ümumi investisiyalar portfelində daxili investisiyalar üstünlük təşkil edir. Dövlət başçısı bildirib ki, bu ilin büdcəsi rekord səviyyəyə - 20 milyard manata çatıb. Hazırda ümumi valyuta ehtiyatlarımız 46 milyard dollar həcmindədir. Ötən il sosial infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən danışan Prezident İlham Əliyev yüzlərlə məktəb, xəstəxana, idman qurğusu və digər sosial obyektlərin tikildiyini və əsaslı təmir olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu sahədə ən böyük vəsait qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Dövlət Neft Fondundan 2012-ci ildə bu məqsədlə 300 milyon manat ayrılıb. Dövlət başçısı regionların inkişafı ilə bağlı qəbul edilən proqramların uğurlu icrası nəticəsində ötən il 117 min və bütövlükdə ilk proqramın qəbul olunduğu vaxtdan bəri 1 milyon 200 min yeni iş yerinin yaradıldığını diqqətə çatdırıb. Ötən il işsizliyin faizi 5,2 faizə, yoxsulluğun səviyyəsi isə 6 faizə düşüb. Prezident İlham Əliyev 2012-ci ildə Bakı və Bakıətrafı qəsəbələrin sosial infrastrukturunun yaxşılaşdırılması, ölkədə sənayeləşmənin genişləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş tədbirlərin görüldüyünü də bildirib. Gələn ay Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılacağını qeyd edib. 2012-ci ili Azərbaycanın xarici siyasətində uğurlu il kimi səciyyələndirən dövlət başçısı bu sahədə ən böyük nailiyyət kimi ötən il ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsini önə çəkib. Keçən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrdən danışan Prezident İlham Əliyev vurğulayıb ki, Qoşulmama Hərəkatının və NATO-nun zirvə görüşlərində qəbul edilən yekun sənədlərdə münaqişənin ölkələrin ərazi bütövlüyü əsasında həlli konkret olaraq öz əksini tapıb. Ordu quruculuğu ilə bağlı ötən il böyük işlərin görüldüyünü diqqətə çatdıran dövlət başçısı 2012-ci ildə ümumi hərbi xərclərin 3 milyard dollardan çox olduğunu, bu il isə həmin vəsaitin 3,7 milyard dollara çatdırılacağını bildirib. Enerji sahəsində ötən il əldə olunmuş uğurlara toxunan Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən TANAP layihəsinin təməlinin qoyulmasını tarixi hadisə kimi dəyərləndirib. 2013-cü ildə qarşıda duran vəzifələrdən danışan dövlət başçısı əvvəlki illərdə olduğu kimi, bütün proqram və layihələrin bu ildə də uğurla icra olunacağına əminliyini bildirib. Qeyd edib ki, investisiya layihələri proqramlarında elektrik enerjisi və təbii qazla təchizat, həmçinin içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya tədbirlərinin genişləndirilməsi əsas yer tutacaq. Prezident İlham Əliyev deyib ki, bu ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitin də həcmi artıb. 2013-cü ildə əmanətlərin kompensasiyası prosesi başa çatmalıdır. 70-dən çox tibb müəssisəsinin inşa edilməsi və təmir olunması, bütün qəzalı vəziyyətdə olan məktəblərin təmiri, maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən birinin də makroiqtisadi sabitliyin qorunmasından və inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasından ibarət olduğunu vurğulayıb. 2013-cü ildə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha ciddi xarakter alacağını bildirən dövlət başçısı bununla bağlı elektron xidmətlərə keçid prosesinin sürətləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə əlaqədar dövlət qurumlarına konkret tapşırıqlar verib. Regionların inkişafına dair qəbul olunmuş ikinci dövlət proqramının uğurla icra olunduğunu deyən Prezident İlham Əliyev investisiyaların böyük hissəsinin regionlara yönəldiyini bildirib, bu sahədə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini yüksək qiymətləndirib və bu Fondun xətti ilə indiyədək sahibkarlara 1 milyard manata yaxın güzəştli kredit verildiyini, bu il isə 250 milyon manat güzəştli kredit veriləcəyini qeyd edib. Dövlət başçısı bildirib ki, 2013-cü ildə sənaye istehsalı ilə bağlı ciddi addımlar atılacaq. Gəncə, Sumqayıt şəhərlərində, Bakının Qaradağ rayonunda sənaye mərkəzlərinin yaradılması və yeni texnoparkların genişləndirilməsi davam etdiriləcək. Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı görüləcək işlərdən danışıb. Sonda dövlət başçısı 2013-cü ili "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edib.