Avtobus sürücüləri izlənəcək-Sərnişindaşımada yenilik!

24 Oktyabr 2016 11:12 (UTC+04:00)

“Gələn aydan Bakıda avtobuslar izlənəcək. Bu məqsədlə avtobuslara GPRS sistemi quraşdırılacaq”. Movqe.az-a açıqlamasında bu sözləri Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib. N. Allahyarovanın sözlərinə görə, hazırda avtobusların salobuna izləyici kameralar quraşdırılıb. Amma bu yalnız avtobusun salonunu izləmək imkanı verir. Noyabr ayından quraşdırılacaq GPRS sistemi isə avtobusun yerini təsbit etməz, izləmək imkanı verəcək. Bununla da, avtobus sürücülərinin xətdən kənar hərəkətinin qarşısını almaq mümkün olacaq: “Avtobuslarda GPRS sisteminin quraşdırılması imkan verəcək ki, avtobuslar arasında intervalı izləmək mümkün olsun. Bəzən avtobus sürücüləri gecikmə səbəblərini yollarda tıxac və sair amillərlə əlaqələndirirlər. GPRS sistemi quraşdırılandan sonra avtobusun hərəkət etdiyi xətt üzrə hansı vaxtda hansı ərazidə olduğunu təsbit etmək mümkün olacaq. Biz biləcəyik ki, avtobus niyə dayanacağa vaxtında çatmayıb. İntervalın uzanmasına səbəb sürücünün ləngiməsi, yoxsa yolda olan hər hansı maneədir. Sürücülər bu sistem quraşdırıldıqdan sonra marşurut xətini istədikləri kimi dəyişə, qısalda bilməyəcəklər. Onların hərəkəti GPRS sistemi vasitəsilə izlənəcək”.