Prezidentdən ordu ilə bağlı narazılıqlara sərt münasibət

16 Yanvar 2013 10:30 (UTC+04:00)

"Ordu quruculuğu işində, ətəkcə maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq və nizam-intizam da öz rolunu oynayır". Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, həm peşəkarlıq, həm nizam-intizam artmalıdır. "Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür", - İlham Əliyev əlavə edib. O bildirib ki, Azərbaycan gələcəkdə də ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətini davam etdirəcək: "Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə çatıb. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcək və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcək və verir".

Ordu quruculuğundan danışan dövlət başçısı deyib ki, keçən il bu istiqamətdə də böyük işlər görülüb: "Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülüb, böyük sayda texnika, silah-sursat alınmışdır, infrastruktur yaradılıb. Keçən il ümumi hərbi xərclərimiz üç milyard dollardan çox idi. Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik".