“Gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq”

16 Yanvar 2013 11:00 (UTC+04:00)

"Keçən il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilib. Onların arasında Qoşulmama Hərəkatının zirvə görüşündəki yekun bəyannaməni mən xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında dünyanın əksər ölkələri toplaşıb və Azərbaycan bu təşkilata bu yaxınlarda üzv olub. Buna baxmayaraq, iştirak etdiyimiz birinci zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə, beynəlxalq hüquq normalarına söykənən çox ciddi qətnamə qəbul edilib". ANS PRESS-in məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin mühavirəsində deyib. Onun sözlərinə görə, 2012-ci ildə NATO-nun zirvə görüşündə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edilib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın iqtisadi gücü, hərbi gücü də yerindədir: "Biz bu gücü artırırıq. Əminəm ki, Ermənistanda məsələyə real prizmadan yanaşan qüvvələr açıq-aydın dərk edirlər ki, Azərbaycan ilə bu münaqişə və bu rəqabət onlara heç də yaxşı nəticələr vəd etmir, əksinə onlar getdikcə bu mübarizədə uduzurlar. Həm beynəlxalq müstəvidə, həm beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, bölgədə gedən proseslər mövqeyimizi gücləndirir. Bu gün Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz var. Ermənistanın iqtisadiyyatı tənəzzülə uğrayır. Mən bu barədə bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, bu ölkənin gələcəyi böyük sual altındadır. Çünki onların işğalçı siyasəti özlərini bu vəziyyətə qoyub. Nə qədər ki, bu münaqişə davam edəcək, onların vəziyyəti daha da ağırlaşacaq. Biz isə öz növbəmizdə bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq. Onları onsuz da bütün layihələrdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz siyasi, diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edə bilərik və lazım gələrsə istifadə edəcəyik".