20 min məcburi köçkün üçün 575 milyon manat xərclənəcək

16 Yanvar 2013 12:10 (UTC+04:00)

"2013-cü ildə 20 min məcburi köçkün üçün 8 qəsəbə və məhəllə salınacaq. Bu məqsədlə 575 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub".

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Komitə sədrinin sözlərinə görə, bu vəsaitin 237 milyon manatı büdcə, 300 milyon manatı Dövlət Neft Fondu, 38 milyon manatı isə beynəlxalq təşkilatların vəsaitidir: "Bu vəsait imkan verəcək ki, daha 20 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılsın. 3941 ailə və ya 20 min məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaq. O cümlədən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün 5 mərtəbəli 25 binadan, Bərdə rayonunda 866 məcburi köçkün ailəsinə 5 mərtəbəli 15 binadan ibarət yeni yaşayış məhəllələri, Abşeron rayonunun Masazır qəsəbəsində 758, İmişli rayonunda 225, Qaradağ rayonunun "Ümid" qəsəbəsinə yaxın ərazidə 200, İsmayıllı rayonunda 45 ailəlik qəsəbələr, Qəbələ rayonunda 155, Balakən rayonunda 43 ailə üçün 5 mərtəbəli yaşayış binaları, Axısxa türkləri üçün 142 mənzil tikiləcək. Bakı şəhərindəki yataqxanalardan 90 min nəfər məcburi köçkünün müvəqqəti məskunlaşdırılması və müəyyən iş yerlərinin yaradılması üçün yeni yaşayış massivinin salınması məqsədi ilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisində 380 hektar torpaq sahəsi ayrılıb, əlavə olaraq 120 hektar torpaq sahəsinin ayrılması sənədləşdirilir. Hazırda Qobu şəhər məcburi köçkün yaşayış massivinin layihələndirilməsi və onun idarəetmə strukturunun yaradılması üzrə müvafiq işlər görülür".
Ə. Həsənov Bakı şəhərinin digər obyektlərində - hərbi hissələrdə, məktəb, bağça, sanatoriya, pansionat, tikintisi yarımçıq qalmış binalarda, zəbt olunmuş mənzillərdə yaşayan 110 min məcburi köçkünün müvəqqəti məskunlaşdırılması üçün əlavə 500 hektar torpaq sahəsinin ayrılmasına ehtiyac olduğunu da bildirib.