ATƏT-in Minsk Qrupunun həmsədrlərinin İrəvan səfəri fonunda Ermənistanın yeni hökumətinin işğal altındakı əraziləri qaytarmağa hazırlaşmadığını bildirmsəinə dair məlumatlar yayılıb. Bunu erməni ekspert Arutyun Mesrobyan da təsdiq edib. Millət vəkili Elman Nəsirov isə bildirir ki, aprel döyüşlərindən sonra münaqişənin həlli ilə bağlı yaranmış münbit şəraitin indi daha çox pozulması tendensiyasını müşahidə edirik: “Pozitiv və neqativ tendensiyalar paralel şəkildə getməkdədir. Bir yandan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Rusiya ilə bu apardığı danışıqlar və müsbət nəticələrlə bağlı fikirlər səsləndirib. Rusiya da Türkiyənin nəzərinə çatdırıb ki, 5 rayonun qaytarılması gündəmdədir. Eyni zaman da Rusiya xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Türkiyənin tənzimləmə prosesində rolu haqqında müsbət fikirlər səsləndirdi.
Bütün bunlar müsbət ovqat yaradır. Xüsusən də Türkiyə-Rusiya
münasibətlərinin bərpasının münaqişənin həllinə müsbət təsir
edəcəyi ilə bağlı müəyyən ümidlər yaradıb. Ancaq paralel şəkildə
başqa tendensiyanın da şahidi oluruq. Bu tendensiya münqişənin
həlli prosesinin dalana dirənməsidir. Bu da ondan ibarətdir ki,
Ermənistanda formalaşan yeni hökumət fəaliyyət proqramını
hazırlayır. Həmin fəaliyyət proramında münaqişə ilə bağlı əsas
tezis odur ki, heç bir güzəştdən söhbət gedə bilməz. Yəni,
paradoksal vəziyyət yaranıb. Bir yandan Ermənistan guya münaqişənin
həlli ilə bağlı konstruktiv mövqe ortalığa qoyduğunu bəyan edir və
danışıqlarda maraqlı olduğunu ifadə edir, beynəlxalq ictimaiyyətə
münaqişənin sülh yolu ilə həllində maraqlı olduğun demək istəyir,
digər tərəfdən isə “heç bir güzəştdən söhbət getmir” deyir. Bu
vəziyyət həmsədrlər üçün ciddi siqnal olmalıdır. Ermənistanın yeni
hökuməti özünün fəaliyyət proqramına belə bir bənd əlavə edibsə,
həmsədrlər hansı məntiqlə prezidentlərin görüşünə nail olmağa
çalışırlar ki?! Belə olan vəziyyətdə yalnız illik hesabatlarında 3
dəfə görüş keçirdiklərini bəyan etmiş olurlar. Halbuki, nəticə də
sıfıra bərabərdir. Hətta Ermənistan tərəfi heç bir güzəştə
getməyəcəyini bəyan edib. Bu reallıq münaqişənin həllində fərqli
mənzərə yaradır.
Azərbaycan sülh yoluna sadiq olsa da, hər bir prosesin sonu var.
Ona görə də hadisələr fərqli müstəvidə inkişaf edə bilər. Heç kəsin
istəmədiyi müharibə varinatı aktuallaşması mümkündür. Aprel
döyüşləri də elə onu göstərdi ki, münaqişə istənilən halda
müharibəyə çevrilə bilər. Ermənistanın indiki davranışı ona
işarədir ki, münaqişəni sülh yolu ilə həll etmək niyyəti yoxdur.
Ona görə də hadisələr müharibənin başlamasına gətirib çıxara
bilər”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu da eyni
mövqedən çıxış etdi: “Ermənistanın mövqeyində yeni heç nə yoxdur.
Bu fikri həmişə də deyiblər ki, torpaqları qaytarmaq niyyətində
deyillər. Halbuki, münaqişənin həllinin birinci mərhələsində Dağlıq
Qarabağ ətrafındakı ərazilər boşaldılmalıdır. Bunu Ermənistan
hakimiyyəti də bilir. Ancaq indi daha radikal mövqedən çıxış
ediblər. Bu, ondan xəbər ki, həmsədrlərin bu səfəri də nəticəsiz
qaldı. Onların əsas məqsədləri prezidentləri görüşdürməkdir. Amma
Ermənistan heç bir addım atmaq istəmirsə, prezidentlərin
danışıqlarından real nəticə gözləmək əbəsdir”.
Politoq əlavə etdi ki, bu fonda da həmişəki kimi müharibə ehtimalı
gündəmdə qalır: “Müharibə olmasa da, genişmiqyaslı hərbi
toqquşmaların baş vermə ehtimalı yüksəkdir. Çünki, danışıqlarda
irəliləyiş yoxdur, atəşkəs intensiv pozulur, eyni zamanda
Ermənistan təxribatlarından əl çəkmir”.
Mübariz BAYRAMOV