Millət vəkilinin evində yanğın olub

16 Yanvar 2013 12:14 (UTC+04:00)

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Lənkəran şəhərindəki evində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 15-də saat 21.30 radələrində qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 6 otaqlı  evin 1 otağının tavanı 3 kv.m sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib və yanğın söndürülüb. İlkin versiya kimi, hadisəyə odun sobasından çıxan qığılcımın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. APA-nın əməkdaşı komitə sədrinin Lənkəranda yerləşən evi ilə telefon əlaqəsi yaradıb. Telefona Nazimə Mirzəyeva adında bir qadın cavab verib. N. Mirzəyeva qeyd edib ki, o, bir uşağı və bacısı ilə birlikdə Hadi Rəcəblinin valideynlərinin Lənkərandakı evində sığınacaq tapıb. Qadın deyib ki, Milli Məclisin deputatı tərəfindən onlara hər cür şərait yaradılıb, maddi vəsait, yardımlar göstərilir: "Hadisəyə mənim diqqətsizliyim səbəb olub. Sobanın evin tavanı ilə birləşən hissəsində taxtada kiçik yanğın olub. Yanğınsöndürənlərin vaxtında müdaxiləsi ilə evə ciddi zərər dəyməyib, yanğının qarşısı alınıb. Hazırda evdə istilik və bütün kommunikasiyalar tam fəaliyyət göstərir".