Son tədqiqatlara görə, şəhər mədəniyyətinin tarixi 5000 ildən
çox olan Naxçıvan ərazisində çoxlu sayda şəhərlər mövcud olmuş, bu
şəhərlər tərəqqi və tənəzzül dövrlərini yaşamış, onlardan bəziləri
şəhər kimi günümüzə qədər varlığını qoruyub saxlamış, bəziləri
kəndtipli yaşayış məntəqələrinə çevrilmiş, bəzi şəhərlər isə
ümumiyyətlə həm şəhər, həm yaşayış yeri kimi əhəmiyyətini itirmiş,
dağıdılmış və yaxud tarix səhnəsindən silinmişdir.
Məsələn, Naxçıvan, Ordubad, Culfa kimi şəhərlər, demək olar ki,
tarixin əksər dövrlərində şəhər kimi varlığını qoruyub saxlaya
bilmiş, Əylis, Qarabağlar, Azad şəhər əhəmiyyətini itirsə də, bu
günə qədər kənd yaşayış məntəqəsi kimi muxtar respublika ərazisində
qalmaqdadır. Lakin tarixdən məlum olan Kiran, Astabad kimi Naxçıvan
şəhərləri mövcudiyyətini qoruyub saxlamamışdır. Orta əsr
mənbələrində Naxçıvan ərazisində adıçəkilən belə şəhərlərdən biri
də Əncandır.
Məlumdur ki, monqol hücumları dövrü Azərbaycan, o cümlədən xüsusən
Naxçıvan əraziləri üçün bir sıra dağıntılarla yadda qalmışdır.
Lakin monqolların yerli əhali ilə qaynayıb qarışması və yerli
dövlət idarəçilik ənənələrini mənimsəmələrindən sonra meydana
çıxmış Hülakülər dövləti zamanında bir sıra quruculuq işləri həyata
keçirilmişdir. Maraqlıdır ki, dövrün mənbələrində Naxçıvan
tüməninin tərkibinə aid olan Naxçıvan, Ordubad, Azad, Makuyə,
Dəbil, Qarabağlar şəhərləri ilə yanaşı, daha bir şəhərin – Əncanın
da adı çəkilir. “Naxçıvan tarixi”nin I cildində qeyd olunur ki,
bəhs etdiyimiz dövrdə Naxçıvan tüməninə 5 şəhər və əlavə olaraq 10
şəhərtipli kiçik yaşayış yeri daxil olmuşdur.
Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah
Qəzvininin “Nüzhət əl-qulub” əsəri hesab edilir. Əncan şəhərində
mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər
adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat
vermişdir. Bu fikirdən belə bir qənaətə gəlmək olar ki, burada
hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar
hazırlamaq üçün istifadə etmişlər. Bu dövrdə mis və mis-bürünc
məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş
intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy,
Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da monqol yürüşlərinə qədərki
dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri
olmuşdur.
Apardığımız araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum
müəllifin “Əcaib əd-dünya” əsərində də məlumat verilmişdir. “Əcaib
əd-dünya”da Əncan haqqında verilən məlumatlardan aydın olur ki,
şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır:
“Əncan. Sərt, çətinliklə keçilən yerdədir. Dağlar şəhərin
hüdudlarından kənarda yerləşir, möhkəm qaladır. Oranın malları incə
parçalar, yaylıqlar, keyfiyyətli üst örtükləri, zilə corablardan
ibarətdir”.
Əncan şəhəri ilə bağlı tədqiqatçılar müxtəlif fikirlər irəli
sürsələr də, bu şəhərin dəqiq lokalizasiyasını aparmaq bu günə
qədər mümkün olmamışdır. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası
ərazisində mis filizi və sərbəst mis yataqları Naxçıvan şəhərindən
18 kilometr şimal-şərqdə, Naxçıvançayın orta axın hövzəsində,
Qızıldağ dağından 1 kilometr cənub-şərqdə yerləşən Xal-xal
yatağında, mis-molibden-porfir yataqları isə Ordubadçayın yuxarı
axın hissəsində, Sərkidağ-Diaxçay filiz sahəsində aşkara
çıxarılmışdır.
1925-ci ilə aid olan “Naxçıvan diyarının təhqiqi üzrə xüsusi
komissiyanın məruzəsi”ndə Naxçıvan ərazisində daha bir metal yatağı
ilə bağlı məlumat verilir. Mənbədə qeyd edilir ki, Naxçıvanda ən
iri gümüş-qurğuşun yataqları Şərur stansiyasından Arpaçaya gedən
şose yolu üzrə 15 verst aralıda Gümüşlü deyilən yerdədir. Bu
yataqlar çoxdan işlənmişdir, bunu ordakı köhnə mədən yerləri
göstərir. Bu cür köhnə şaxtalardan biri təmizlənmiş və onda qədim
alətlər: dəmir pazlar, gil lampalar, yağ bardağı, bir neçə insan
kəlləsi və sümükləri tapılmışdır.
XIX əsr rus mənbələrində Naxçıvan haqqında verilən məlumatlardan
bəhs edən tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov yazır: “Rus
mənbələrinin təhlilindən belə məlum olur ki, Dərələyəz mahalındakı
Gümüşxana kəndinin (İndiki Şərur rayonunun Gümüşlü kəndi – Y.R.)
ətrafında gümüş çıxarılan iki dərin xəndək olmuşdur”. Professor
Səfərəli Babayevin “Naxçıvan Muxtar Respublikasının coğrafiyası”
adlı kitabında təqdim etdiyi xəritədə də Gümüşlü yaxınlığında
polimetal yataqlarının olduğu qeyd edilmişdir.
Maraqlıdır ki, Məhəmməd Seyfəddini də Əncan şəhərinin məhz Şərur
ərazisində yerləşməsi fikrini irəli sürmüşdür. Dilçi alim Adil
Bağırov isə Əncanın digər adı olan Karxananın indiki Gümüşlü
kəndinin keçmiş adı olduğunu əsərlərində qeyd etmişdir. Müəllifin
digər bir əsərində isə Naxçıvan ərazisində üç yerdə – Babək
rayonunda, Ordubad rayonunun Biləv kəndində və Şərur rayonunda
Karxana toponiminin olduğu göstərilmişdir.
Fikrimizcə, XIX əsr rus mənbələrində verilən məlumatlar, 1925-ci
ilə aid olan “Naxçıvan diyarının təhqiqi üzrə xüsusi komissiyanın
məruzəsi”ndə göstərilmiş faktlar Əncan və ya Əcnanın məhz Gümüşlü
kəndi istiqamətində yerləşdiyini söyləməyə imkan verir.
Maraqlıdır ki, A.Ş.Milmanın yazdığına görə, XIX əsrdə Qarabağ
xanlığına aid olan 21 mahaldan biri Əcnan-türk və ya Əncan-türk
mahalı olmuşdur. Ola bilsin ki, monqol hücumlarının ağırlığı
nəticəsində Əcnan sakinləri Qarabağa üz tutmuş və bu türk tayfaları
Qarabağda məskunlaşdıqdan sonra öz doğma şəhərlərinin adını
yerləşdikləri mahala vermişlər. “Naxçıvan tarixi”ndə Naxçıvanda
XIII əsrdən sonra mis mədənlərinin işinin tənəzzülə uğraması
haqqında verilən məlumatı da nəzərə alsaq, deyə bilərik ki, bu
proses yerli əhalinin miqrasiyası ilə də bağlı ola bilərdi.
Tarixi mənbələrdə adı qalan bu şəhərin, mütləqdir ki, ulu
Naxçıvanın bir guşəsində izləri qalmışdır və gələcək tədqiqatlar
bizi bu şəhərə aparıb çıxaracaqdır.
- Elnur KƏLBİZADƏ
"Şərq qapısı" qəzetinin əməkdaşı