Havalar soyar-soymaz demək olar ki, az qala hər gün dəm qazından
zəhərlənmə ilə bağlı xəbərlər eşidirik. Hər il payız-qış mövsümündə
xeyli sayda insan məhz dəm qazının qurbanı olaraq həyatını itirir.
Dəm qazından boğulub dünyasının dəyişənlərin ayrıca statistikası
aparılmasa da, bu rəqəmin kifayət qədər böyük olduğunu mətbuatda
yayılan xəbərlər də təsdiqləyir. Hələ havalar kəskin soymasa da,
artıq dəm qazından zəhərlənənlər də var. Oktyabr ayı başlayandan
dəm qazından zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzin
Toksikologiya şöbəsinə 18 nəfər müraciət edib. Bu barədə Klinik
Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat
verib. A. Maqsudov bildirib ki, havalar təzə-təzə soyduğundan, dəm
qazından boğulma ilə bağlı müraciətlər əvvəlki aylarda qeydə
alınmayıb: "Mənzillərdə istiliyə tələbatın artmasına bu aydan
başlanılıb. Elə oktyabr ayı başlayandan dəm qazı zəhərlənməsi
diaqnozu ilə Klinik Tibbi Mərkəzə 18 nəfər müraciət edib. Onlardan
11 nəfəri xəstəxanaya yerləşdirilib. 7 nəfərə ilkin tibbi yardım
edildikdən sonra evə buraxılıb. Dəm qazı ilə bağlı müraciət
edənlərin 2-si uşaqdır".
A. Maqsudov dəm qazından boğulma diaqnozu ilə ölüm halının hələki
baş vermədiyini söyləyib. Amma baş toksikoloq qış aylarında dəm
qazının xeyli sayda can aldığını da təsdiqləyir. Həmsöhbətimiz
deyir ki, dəm qazından zəhərlənmə vaxtında aşkar olunmadıqda, bu
ölümlə nəticələnir: “Hələ payız ayı olsa da, dəm qazından
zəhərlənmələrin baş verməsi, qış aylarında müraciətlərin daha da
çox olacağından xəbər verir. Dəm qazı yarandıqda vaxtında ilkin
tibbi yardım edilməzsə insanın ölümünə belə səbəb ola bilir. Ötən
mövsüm bu cür hadisələrin tez-tez baş verməsi bir daha göstərdi ki,
insanlar bəzən dəm qazının "ölüm kabusu" olduğunu unudurlar".
A. Maqsudov havaların soyması ilə bağlı dəm qazından zəhərlənmə
ehtimalının artdığını, əhalini ehtiyatlı olmağa çağırır.
Həmsöhbətimiz deyir ki, məişət zəhərlənmələri arasında dəm qazı ilə
zəhərlənmə daha tez-tez baş verir: “Deməli hər birimiz belə hallara
hazır olmalı, zəhərlənən şəxsə ilkin tibbi yardım göstərməyi
bacarmalıyıq. Belə hallarda ilkin tibbi yardımın köməyi ilə
zəhərlənəni həyata qaytarmaq mümkündür. Hər kəs bilməlidir ki, əgər
yanacaq məhsullarının xaric olması üçün yer yoxdursa, və ya həmin
yer tutulubsa, natamam yanma nəticəsində dəm qazı əmələ gəlir. Ona
görə də yanacaq yandırarkən çox ehtiyatlı olmalıyıq. Qaz iysiz,
rəngsiz olduğundan insan bunu hiss etmir. Oksigendən fərqli olaraq,
qazın havada az bir miqdarda olması belə kifayət edir ki, 5-6
dəqiqəyə insan zəhərlənsin. Dəm qazının oksigenlə birləşməsi
nəticəsində karboksihemoqlobin yaranır.Məhz bu birləşmənin hesabına
toxumalar oksigensizləşir, hipoksiya yaranır. Zəhərlənmə 3 dərəcədə
yüngül, orta, ağır ola bilər. Belə halda ilk növbədə zəhərlənən
həmin sahədən çıxardılmalı, hipebarik oksigenasiya tətbiq
olunmalıdır. Süni tənəffüs verilməlidir. Daha sonra zəhərlənənə
amonimum tərkibli məhlul qoxudulmalıdır. Üstü isə isti yorğanla
örtülməlidir. Əgər bütün bunlar düzgün yerinə yetirilərsə, sonrakı
yardımlar həkimlər tərəfindən aparılacaq".
Statistik rəqəmlərdən də görünür ki, artıq dəm qazı cəmiyyət üçün
kifayət qədər təhdid yaradan amilə çevrilib. Ani ehtiyatsızlıq dəm
qazından zəhərlənməyə və boğulmaya yol aça bilər. Qeyd edək ki, dəm
qazından zəhərlənmə və boğulma hallarının baş verməsini əngəlləmək
bir tərəfdən hər bir insanın öz əlində olsa da, digər tərəfdən heç
kəs bu cür bədbəxt hadisələrdən sığortalanmayıb. Aidiyyatı qurumlar
dəm qazı “kabusu”ndan yaxa qurtarmaq üçün ehtiyatlı olmağa, təbii
qazdan istifadə zamanı bir sıra amillərə diqqət yetirməyin
vacibliyini vurğulayırlar. Bunlardan biri, hətta birincisi qaz
cihazlarının təhlükəsizliyi məsələsidir. Aidiyyatı qurumlar vanna
otaqlarında qaz cihazı yerləşdirməyin düzgün olmadığını, hamam
otağında ventilyasiya borusu, qapının aşağısında dəliklərin
olmasının vacibliyini vurğulasalar da çoxları bu vacib qaydalara
əməl etməyərək öz həyatlarını təhlükə altına atmış olurlar. Amma
qeyd edək ki, əvvəllər qışda əhalinin təbii qaza olan təlabatının
artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik
qaydalarının pozulması hallarının qarşısı aidiyyatı qurumlar
tərəfindən də alınırdı. Qaz təchizatı idarələrinin əməkdaşları
mənzillərə baxış keçirməklə qeyri-standart qaz cihazlarının
mənzillərdə istifadəsinin qarşısını alırdılar. “Azəriqaz”
İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kəlbalıyev deyir ki,
bu ilin may ayından sözçüsü olduğu qurum qaz cihazlarının
mənzillərdə istifadəsi zamanı təhlükəsizlik məsələsinin
yoxlanılmasına dair səlahiyyətini itirib: “Bu səlahiyyət bizim
qurumdan alınaraq Nazirlər kabinetinin müvafiq qərarı ilə Fövqəladə
Hallar Nazirliyinə və Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz
Nəzarəti İdarəsinə tapşırılıb”.
Sənaye və Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva
mənzillərdə təhlükəsiz, standarta cavab verən qaz cihazlarının
isfadəsi ilə bağlı tədbirlərin görülməkdə olduğunu söylədi.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
sözçüsü Fazil Talıblı bazarda standartlara uyğun olmayan qaz
cihazları ilə bağlı hər hansı yoxlama aparılmadığını söylədi. Onun
sözlərinə görə, vətəndaşlara sertifikatlaşdırma orqanlarının
təhlükəsizliyinə sertifikat verdiyi qaz cihazlarından istifadə
etmək tövsiyyə olunur. F. Talıblı deyir ki, çünki,
sertifikatlaşdırma orqanları həmin qaz cihazlarına sertifikat
verərkən öz sınaq labaratoriyalarında həmin cihazların
təhlükəsizliyini yoxlayırlar. Əgər cihaz təhlükəsizdirsə,
sertifikat verilir.
Zülfiyyə QULUYEVA