“Neft qiymətinin kəskin azalması Azərbaycanın gəlirlərini
azaldıb”.
Movqe.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti
İlham Əliyev Bakıda keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda
çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın builki dövlət büdcəsində
neftin qiyməti 25 dollar təsbit olunub: “Bu gün neftin qiyməti
artıq 2 dəfə bahadır. Düşünürəm ki, biz bu vəziyyətdən minimal
zərərlə çıxacağıq. Azərbaycan iqtisadiyyatı şaxələndirmə siyasəti
həyata keçirir. Uzun illərdir ki, bunu həyata keçiririk. Bunun
sayəsində neft Azərbaycanın ümumdaxili məhsulunun 33 faizini təşkil
edir. Biz ümumdaxili məhsulumuzu şaxələndirməyə nail olmuşuq və
neftin qiymətlərindən asılılığımızı azaltmışıq. Bu gün ixracımızın
şaxələndirilməsi ilə məşğuluq. İstərdik ki, Avropa bazarlarına
rəqabət qabiliyyətli qeyri-neft məhsulları ilə daxil olaq”.
Prezident İlham Əliyev qedy edib ki, Azərbaycanda çox münbit
sərmayə atmosferi var: “Azərbaycan postsovet məkanında adam başına
düşən ümumdaxili məhsulun həcminə görə birinci yerdədir. Bu günə
qədər Azərbaycana 200 milyard dollar yatırılıb, bunun yarısı xarici
sərmayə olub. Bu gün Avropada və dünyanın digər bölgələrində
böhrana baxmayaraq, biz hələ də neft-qaz və digər sahələrə sərmayə
cəlb etmək iqtidarındayıq. Biz işsizliyin səviyyəsini kəskin
şəkildə azalda bilmişik, bu gün işsizliyin səviyyəsi 5 faizdir.
Regional infrastruktur proqramları həyata keçirilir. Bunun
sayəsində yoxsulluq da 5 faizə endirilib. Biz böyük həcmdə valyuta
və qızıl ehtiyatları toplamağa nail olmuşuq. Bunun sayəsində neft
qiymətləri kəskin düşəndə böyük manevr imkanları əldə etmişik”.