Bakıda sərnişinlər daldalanmağa dayanacaq tapmır-Yeni XAB-da

25 Oktyabr 2016 15:33 (UTC+04:00)

Bakıda Koroğlu metrostansiyasının ətrafında yaradılan ilk Nəqliyyatı Mübadilə Mərkəzində (XAB) sərnişinlərin rahat gediş-gəlişi üçün şərait yaradılsa da, hələdə burada dayanacaqlar quraşdırılmayıb. Sərnişinlər XAB istifadəyə verilən müddətdən indiyədək avtobusların yolunu açıq şəraitdə avtobus gözləyirlər. Havaların soyması isə Koroğlu metrostansiyasının ətrafında yaradılan Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərin dayanaraq avtobus gözləməsini çətinləşdirib. Sərnişinlər avtobus gözləmək son günlər keçən yağışlı havalarda daldalanacaq bir dayanacağın olmamasından gileylənirlər. Sərnişinlər deyirlər ki, XAB Koroğlu metrostansiyası ətrafında avtobusların xaotik hərəkətini nizamlasa da, dayanacağın qoyulmaması soyuq havada sərnişinləri çətin durumda qoyub. Movqe.az saytı məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb. Agentliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Movqe.az-a açıqlamasında bildirib ki, XAB ərazisində dayanacaqların qoyulması hələ mübadilə mərkəzi yaradılmazdan öncə nəzərdə tutulub: “Müasir görünüşlü, isti və soyuğa qarşı davamlı olan xüsusi materiallardan hazırlanan dayanacaqların eskizi cızılaraq təsdiqlənməsi üçün aidiyyatı quruma, Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Amma indiyədək BŞİH-dən Bakı Nəqliyyat Agentliyinin yeni yaradılmış XAB-da dayanacaqların qoyulmasına rəsmi icazə məktubu göndərilməyib. Dayanacaqların qoyulması ilə bağlı səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətindədir. Biz də bununla bağlı BŞİH-ə məktub ünvanlamışıq. Ərazidə dayanacaqların quraşdırılmasına mane olan ticarət köşkü də var. Biz meriyaya rəsmi müraciətimizdə bu köşkün Nəqliyyatı Mübadilə Mərkəzinin ərazisindən götürülməsi barədə də xahiş etmişik. Amma hələki bizim müraciətimizə BŞİH-dən rəsmi cavab verilməyib. Cavab ləngidiyindən, soyuq hava şəraitində sərnişinlərin üstü açıq şəraitdə avtobus gözləməsi mümkün olmadığından, yaxın vaxtlarda ərazidə dayanacaqların quraşdırılmasına başlanılacaq. Sərnişinlər yaxın vaxtlarda müasir dayanacaqlarda dayanmaqla hərəkət istiqamətini seçdikləri avtobuslara minə biləcəklər. Həmin ərazidə bir neçə dayanacağın quraşdırılması nəzərdə tutulub”.

Zülfiyyə QULUYEVA