Azərbaycanın regionda liderliyi güclənir

26 Oktyabr 2016 09:00 (UTC+04:00)

Gürcüstandan keçməklə Bakıdan Türkiyəyə birbaşa dəmiryolunun hansı diplomatik səylər hesabına tikilməsi yaxın keçmişdə baş verib və hamımızın yaddaşında iz buraxıb. Dəmiryol xəttinin çəkilməsi hələ layihə mərhələsinə çatmamış Rusiya, Ermənistan, ABŞ və digər ölkələrin maneçiliyi ilə qarşılaşıb. Xəttin Gürcüstanda ermənilər yaşayan bölgədən keçməsi, ekologiyaya zərər verməsi barədə çağırışlar bəhrə verməyəndə ona kredit ayrılması məsələsi gündəmə gəldi. Bu işi boynuna götürən bəzi beynəlxalq təşkilatlar müəyyən bəhanələr altında sözlərindən qaçdılar. Amma layihənin strateji əhəmiyyətini düzgün qiymətləndirən Azərbaycan və Türkiyə layihənin reallaşdırılması üçün siyasi iradə nümayiş etdirdilər. Hətta Azərbaycan Gürcüstana çox aşağı faizlə kredit verib, maliyyə işinə ziyan vurmaq istəyənləri “mat” qoydu.
Bakı-Tiflis-Qars (BTQ) dəmiryolu layihəsi 3 ölkənin - Türkiyə, Azərbaycan və Gürcüstanın birgə layihəsidir. Dəmir yolu xəttinin təməli 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində qoyulub. Xəttin çəkilməsinə dair saziş isə həmin ilin fevral ayının 7-də Tiflisdə Azərbaycan və Gürcüstan prezidentləri, həmçinin Türkiyənin baş naziri arasında imzalanıb.
Bakı- Tiflis-Qars dəmir yolu Bosfor boğazında dəmir yolu tunelinin inşasını, Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasının təmin edilməsini nəzərdə tutan layihədir. Yəni, dəmiryol xətti vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş əldə edəcək. Bu xətlə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Əhəmiyyətinə görə, Bakı- Tiflis-Qars dəmiryolu Azərbaycan iqtisadiyyatını daha da inkişaf etdirəcək layihədir.
Belə ki, dəmiryolu region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək. Layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik, etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə intermodal və konteyner daşımalarının həcmini artıracaq. Yeri gəlmişkən ilk illərdə Azərbaycanın tranzitdən minimal illik gəlirinin 50 mln dollar olacağı gözlənilir.
Dəmiryol xəttinin tikintisi tezliklə yekunlaşacaq və gələn ildən istismara veriləcək. Lakin artıq bu yola maraq göstərələr kifayət qədərdir. Bu il yanvarın 15-də Ukraynanın Rusiyadan yan ötüb İpək yolu marşrutu ilə Gürcüstan, Azərbaycan və Qazaxstandan keçməklə yola salınan ilk sınaq yük qatarı son dayanacağa uğurla çatıb. Testdən sonra Ukraynanın infrastruktur naziri Andrey Pivovarskiy bildirib ki, bu marşrut yükdaşımada qiymət siyasətinə görə Rusiya yolu ilə rəqabətə girə bilər.
Bu günlərdə isə Almaniya şirkəti Azərbaycan ərazisindən keçən dəhlizlə yükdaşımalar həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər. Bu, Almaniyanın məşhur nəqliyyat-loqistika şirkəti DHL-in bir qolu sayılan “DP DHL global forwarding” kompaniyasıdır. DHL şirkətinin ümumilikdə dünya üzrə 220 ölkədə nümayəndəliyi, ofisi və 500 mindən artıq əməkdaşı var, dünyada ilk 10 işəgötürənlərin siyahısında yerləşib, 1 saat ərzində 1 milyon müştəriyə xidmət göstərir, Çində 500 min kvadratmetr anbar sahəsinə malikdir.
Bu vaxta kimi, DHL Azərbaycandan keçməklə 5 sınaq qatarı yola salıb. 2015–ci il noyabrın 29-da Çinin Lianyungang limanından ilk test qatarı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsi ilə Türkiyənin Manisa şəhərinə yola salınıb. Bu il iyul ayının 9-da və 31-də, həmçinin avqustun 20-də və sentyabrın 6-da isə Çindən ardıcıl olaraq 4 blok qatarının nəqli həyata keçirilib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tərkib hissəsi olan, Bakı- Tiflis-Qars dəmir yolu istifadəyə verildikdən sonra, bu nəqliyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə artacaq, Asiya ölkələri ilə Avropa arasında yüklərin çatdırılma vaxtı qısalacaq. Beynəlxalq marşrutun Azərbaycan hissəsi iki nəhəng iqtisadi region: Avropa və Asıya arasında sözün həqiqi mənasında körpü rolunu oynayacaq.
Bu rol Azərbaycanın regionda liderliyini daha da möhkəmlətməklə yanaşı, onun dünyadakı siyasi nüfuzunu artıracaq. Ölkənin dünya iqtisadi birliyinə inteqrasiyası xeyli sürətlənəcək. Yeni iş yerlərinin yaranması ilə əhalinin sosial vəziyyətinin yüksəldilməsi sahəsində böyük irəliləyiş olacaq. BTQ innovativ layihə kimi ilk gündən dividentlər gətirəcək və büdcəyə valyuta axını artacaq. Dəmiryol xətti boyunca beynəlxalq normalara cavab verən müvafiq infrastrukturun yaradılması nəqliyyat sektoru ilə yanaşı xidmət sahələrinin inkiuşafını stimullaşdıracaq.

N.NOVRUZ