Kinoteatrlardan dilimizə hörmətsizlik...

26 Oktyabr 2016 12:04 (UTC+04:00)

Kino mədəniyyətdir deyiblər. Amma bu mədəniyyətin nümayiş olunması ilə yanaşı, dilimizin də qorunub saxlanması vacibdir. Son vaxtlar görünən mənzərə isə, bu məsələdə müəyyən problemlərin olduğunu göstərir. Məsələn, paytaxtdakı kinoteatrlarda kino nümayişini əks etdirən afişalarda məlumatlar əcnəbi dillərdə yerləşdirilir. Bu azmış kimi, bəzən kinoteatrlarda nümayiş olunan kinolar da öz ana dilimizə dublyaj olunmur.

Ana dilimizin qorunması ilə bağlı tələbi ciddi şəkildə pozan kinoteatrlar, nəinki nümayiş etdirdikləri kinoları dublyaj edir, hətta alt titrlərlə belə tərcümə yerləşdirmirlər. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə, son bir neçə ildə ölkəmizdə insanlar boş vaxtlarında daha çox kinoteatrlara üz tutur. Burada onlar yerli filmlərlə yanaşı, dünya kinoteatrlarında nümayiş olunan əcnəbi filmlərə də baxmaq imkanı əldə edirlər. Amma bəzi hallarda yad dillərdə…
Konstitusiyaya və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanuna uyğun olaraq film nümayişi sahəsində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 2011-ci il iyul ayının 15-dən etibarən ölkədə fəaliyyət göstərən bütün kinoteatrlarda filmlərin ana dilində nümayiş etdirməli olduğu haqda qərar verib. Dilçi alim Cahid İsmayıoğlu deyir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi kinoteatrlar Azərbaycan dilinə hörmətsizlik edirlər. Onun sözlərinə görə, nümayiş etdirilən müəyyən filmlər əcnəbi dildə, adətən, rus dilində, dublyajsız və ya altyazısız təqdim edilir, heç afişalar da dövlət dilinə tərcümə edilmir: “Bu, həm qanun pozuntusudur, həm də dilin daşıyıcısı olan xalqa hörmətsizlikdir. Düşünürəm ki, ədəbi dilin normalarını pozanlara qarşı cərimə tətbiq edilməsinə kinoteatrlardan başlamaq lazımdır”.
Həmsöhbətimiz deyir ki, bu hal ölkədə ədəbi dil normalarının pozulduğu faktlardan biridir: “Nizami” Kino Mərkəzindən başqa bütün kinoteartlara gedib baxa bilərsiz. Mütləq əksəriyyətində afişalar əcnəbi dildədir. Azərbaycan dilinə dublaj demək olar ki, yoxdur. Azərbaycan dilində alt yazı olan bir film taparsınız ona da ancaq ”Nizami” Kino Mərkəzində rast gəlmək olar. Qeyd edim ki, bu kino mərkəzi afişaları tərcümə edir”.
“Nizami” Kino Mərkəznin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova da kinoteatrlarda nümayiş olunan əcnəbi kinoların dublyaj məsələsində problemin olduğunu təsdiqləyir. Həmsöhbətimiz deyir ki, “Nizami” Kino Mərkəzi türk filmlərini də tərcümə edərək alt titrlər vasitəsi ilə nümayiş etdirir: “Bizdə əksər əcnəbi kinolar ana dilinı tərcümə edilərək alt titrlər vasitəsi ilə nümayiş etdirilir. Amma əcnəbi filmlərin dublyaj edilərək ana dilində nümayişində problemlər hələ də qalmaqdadır. Bunun isə müxtəlif səbəbləri var. Öncə qeyd edim ki, əcnəbi filmlərin ana dilində alt titrlərlə nümayişi üçün biz distribüterlərlə müqavilə imzalamışıq. Onların qarşısında şərt kimi qoymuşuq ki, bizdə nümayiş olunan əcnəbi kinoları ana dilimizdə alt tutrlərlə tərcümə edib versinlər. Bu müqavilənin öhdəliyini də yerinə yetirirlər. Ona görə də, bizdə nümayiş etdirilən əcnəbi kinoların mütləq əksəriyyəti ana dilimizdə alt titrlərdə tərcümə ilə verilir. Amma dublyaj məsələsi bir az qəlizdir.
Əvvəla, kinoteatrların dublyaj studiyaları yoxdur. Olsa belə bu xeyli xərc və vaxt tələb edən məsələdir. Bundan əlavə də müqavilə var ki, biz kinonu distribüterdən necə almışıqsa, eləcə də nümayiş etdirək. Yəni, kinonu bizə, distribüter dublyaj edib verməlidir. Bu da ən azı 15 gün vaxt aparacaq. Kinoteatrlarda isə kino eyni vaxtda nümayiş etdirilir. Biz dublyajı gözləsək, yubanmış olacağıq. Çünki, dünya premyerasından iki gün sonra kino kinoteatrlarda nümayiş etdirilir. Belə halda biz kinonu nümayiş etdirməkdə gecikmiş olacağıq. Bütün kinoteatrlarda bir gündə nümayiş olunan kino, belə çıxır ki, bizim kinoteatrda 10-15 gün sonra nümayiş olunacaq. Tamaşaçılar başqa kinoteatrda bu kinoya baxdıqlarından, təkrar gəlib bizdə dublyajla olsa belə, nümayişini izləməyəcəklər”.
Həmsöhbətimiz deyir ki, əslində, əcnəbi dildə hər hansı kinonun ana dilinə dublyaj olunaraq nümyişi daha çox tamaşaçı auditoriyası qazanmaq deməkdir. Amma məlum səbəblərdən, kinoteatrlar xarici filmləri elə əcnəbi dildə, ən yaxşı halda isə alt titrlərdə ana dilinə tərcümə ilə nümayiş etdirirlər.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov isə iradları təkzib edir. Y. Şeyxov deyir ki, bütün kinoteatrlarda afişalar, reklamlar Azərbaycan dilində verilməklə yanaşı, əcnəbi kinoların nümayişində də dilimizə hörmətsizlik edilmir: “Onu hansı dilçi alim deyirsə, deməli, o, bir ildir, kinoteatra ayaq basmır. Artıq xeyli müddətdir ki, kinoteatrlarda reklam, afişalar öz ana dilimizdə yazılır. Kinoteatrlarda nümayiş etdirilən əcnəbi kinoların dublyajına gəlincə, qeyd edim ki, dublyajın müxtəlif növləri var. Ən bahalısı və çox vaxt aparanı səsli dublyajdır. Azərbaycanda hələ ki o qədər kinoteatr yoxdur ki, əcnəbi kinoları səsli dublyaj etsin. Ona görə də, indi subtitırla dublyaja üstünlük verirlər. Bu da kifayətdir.
Elə kinoteatr yoxdur ki, orada əcnəbi kinonun nümayişi ana dilimizə tərcümə alt yazısı ilə verilməsin. Bir salonda əcnəbi dildə nümayiş etdirilirsə, digər salonda mütləq həmin kino subtitırla nümayiş etdirilir. Onu da nəzərə almaq lazımdır ki, əgər kinoteatrlarda nümayiş etdirilən kinolar ana dilimizə səsli dublyajla verilsə, bu, biletin qiymətinə də təsirini göstərəcək. Hələ ki əcnəbi kinoların kinoteartlarda subtitırlarla tərcüməsi məqbuldur. Biz bu məsələyə nəzarət edirik”

Yusif Şeyxov bu iradla razılaşmasa da, faktlar dilçi alimin iradının haqlı olduğunu sübut edir.


.Tamaşaçılar arasında isə əcnəbi kinoların ana dilimizə dublyaj olunaraq verilməsini istəyənlər də var, istəməyənlər də... Könül Məmmədova adlı tamaşaçı deyir ki, kinoteatrlarda kinolar əcnəbi dildə nümayiş olunduğundan, yalnız türk filmləri nümayiş olunduqda kinotetra gedir. K. Məmmədova əcnəbi kinoların elə əcnəbi dildə afişalarına da münasibətinin sərt olduğunu dedi: “Kinoteatrlara gedəndə az qala Azərbaycanda olduğunu unudursan. Kino yad dildə, afişa yad dildə...”. Kinoteatrlara ən çox üz tutan tamaşaçılardan olan jurnalist Günel Cəlilova isə, deyir ki, əslində, xarici filmlərin ana dilinə tərcümə olunmasının tərəfdarı deyil: “Kinotearlarda ən çox Türkiyə filmləri numayis olunur. Turkiyə dili bizim dilə oxşar oldugu üçün, bu filmlərin tərcüməsinə düşünürəm ki, gərək yoxdur“.

Zülfiyyə QULUYEVA