Azərbaycan-Avropa İttifaqı əlaqələri yeni mərhələyə qədəm qoyur

26 Oktyabr 2016 09:30 (UTC+04:00)

Daha bir Avropa İttifaqı (Aİ) ölkəsinin rəhbəri Azərbaycanda səfər oldu. Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüş zamanı Azərbaycan- Xorvatiya, Azərbaycan-Aİ münasibətlərinə toxunuldu.

Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığı inkişaf etdirməyin zəruriliyiən diqqət çəkərək qeyd etdi: “Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq var. Bütün bu sahələrdə daha çox irəliləyiş görmək istəyirik. Düşünürəm ki, ölkələrimiz bir çox sahədə yaxın tərəfdaşlıq əlaqələri qurub. Biz xüsusən, ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahəsində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq”.
Siyasilər də ölkəmiz üçün Avropa ilə əməkdaşlığın prirotet olduğunu qeyd edirlər. Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, Avropa İttifaqı Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır: “Bu maraq bir neçə Avropa İttifaqı ölkələrinin rəhbərinin Azərbaycana səfərləri çərçivəsində ortalığa qoyulub. Avropa Parlamenti, Avropa Şurası, həm də Avropa İttifaqı komissarları səviyyəsində Azərbaycana səfərlər olub. Onlar Azərbaycan ilə münasibətləri daha da dərinləşdirmək, strateji əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq istiqamətində konkret sənəd hazırlanır. Bu ilin sonuna qədər həmin sənədin imzalanması gözlənilir. Xorvatiya Avropa İttifaqının üzvüdür. Xorvatiyanın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olması, Azərbaycanın maraqlarını Avropa İttifaqında müəyyən mənada dəstəkləməsi dövlətimiz üçün müsbət addımdır. Onu da nəzərə almaq lazımdır ki, son zamanlar Avropa İttifaqı məkanından Azərbaycana səfərlər intensivləşib. Bu səfərlər də əsasən Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlıdır. İndiki şəraitdə nəzərə alaq ki, ABŞ və Rusiya bu məsələdə passivlik nümayiş etdirir. Eyni zamanda Ermənistan da qeyri-konstruktiv və dağıdıcı mövqeyi ilə prosesi əngəlləmək istəyirsə, Avropa məkanı bu məsələnin sülh yolu ilə nizamlanması üçün hərəkətə keçib. Bu da Aİ-nin maraqları çərçivəsindədir. Çünki, gələn ildən «Cənub Qaz Dəhlizi» layihəsi reallaşacaq. Bu fonda Aİ Dalıq Qarabağ probleminin tənzilənməsində maraqlıdır ki, gələcəkdə layihədə hansısa təhlükə yaşanmasın.
Aİ Avropa məkanında münaqişə ocağı istəmir. Ona görə də münaqişələrin həllində maraqlıdır. Bu baxımdan Xorvatiya prezidentinin ölkəmizə səfəri və Azərbaycan ilə əməkdaşlıqda maraqlı olması bütövlükdə müsbət tendensiyadır. Eyni zamanda Azərbaycan Aİ-nin ölkələrinin hər birini əməkdaşlığa sövq etməklə düzgün siyasət yürüdür. Çünki, Aİ dünyada ciddi siyasi, iqtisadi güc birliyidir. Qərb dünyasının əhəmiyyətli hissəsidir. Eyni zamanda Dağlıq Qarabağ probleminin həllində Aİ-nin önəmli rolu var. Belə bir əhəmiyyətli birliyin Azərbaycanın yanında olması ölkəmiz adına müsbət hadisədir”.
Digər politoloq Adıgözəl Məmmədov bildirdi ki, Azərbaycan Avropa qitəsinə aid olan dövlətdir: “Müəyyən mənada da Avropa dəyərlər sisteminin daşıyıcısı olan dövlətik. Belə bir dövlətin Avropa məkanı ilə əməkdaşlıq etməsi üçün yetərincə imkanları mövcuddur.
Nəzərə alaq ki, artıq Avropada geniş yayılmış Azərbaycan diaspor nümayəndələri fəaliyyət göstərir. Azərbaycan xarici ticarət dövriyyəsinin 73.6 faizi məhz Avropa dövlətlərilədir. Amma bəzən Avropanın müəyyən dairələri yersiz, qərəzli bəyantları ilə bu münasibətlərə bir qədər kölgə salır. Bizim prioritet inteqrasiyamız məhz Avropa olmalıdır. Bu da belədir. Əslində, elə Xorvatiya prezidenti ilə görüş zamanı ölkə rəhbəri tərəfindən söylənilən fikirlər də məhz həmin qərəzli dairələrə istiqamətlənmişdi”.
Mübariz BAYRAMOV