Neft hasilatçıları üçün Azərbaycandan nümunəsi

26 Oktyabr 2016 09:37 (UTC+04:00)

Dünya iqtisadiyyatında davam edən böhranın özülü neftlə yoğrulub. Bu qiymətli məhsulun hasilatının artırılması, yaxud azaldılması hazırda böhranın idarə edilməsində civə sütunu funksiyasını yerinə yetirir. Məsələ burasındadır ki, hasilatçı ölkələr bazara çıxarılan məhsulun kvotasına görə heç cür ümumi rəyə gələ bilmirlər. Bu isə bazarda təbəddülat yaradır ki, nəticə ölkələrin iqtisadiyyatında mənfi təsirlərdə əks olunur.

Əslində, nəzəri cəhətdən hər şey normaldır. Yəni bazar özü qiymətləri tənzimləyir. Amma hazırkı dövrdə bəzi ölkələrin qəsdən verdikləri siyasi, yaxud iqtisadi qərarlar praktiki cəhətdən bazarın ahəngini pozur. Üstəlik, sonu görünməyən müharibələr burulğanı da hasilatçı ölkələrin məcburi olaraq qeyri-adekvat qərarlar qəbul etməsinə səbəb olur ki, bu da yenə bazarda qiymətlərin süni dəyişilməsinə gətirib çıxarır. Məsələn, uzunmüddətli sanksiyalardan bu il qurtulmuş İran əvvəlki iqtisadi səviyyəsini bərpa etmək üçün hasilatı artırmaqda maraqlıdır. Müharibə girdabında boğulan İraq itkilərin yerini doldurmaq üçün bu yola gedir.
Neft “kralı” sayılan Səudiyyə Ərəbistanının büdcə kəsiri görünməmiş şəkildə çoxaldığından neft hesabına gəlirlərini artırmaq məqsədini güdür. Qərbin iqtisadi sanksiyaları ucbatından günü-gündən geri düşən Rusiya hasilatı rekorda – gündəlik 12,5 milyon barrelə çatdırmaq məcburiyyətində qalıb. Beləliklə, hər kəsin öz alibi hesabına neft hasilatı artır, qiymətlər isə enir. Halbuki, bu qiymətli məhsulu necə gəldi hasil etmək israfçılığa aparıb çıxarır. Məqbul qiymət həddinə çatmaq və sabitliyə nail olmaq üçün bazara çıxarılan məhsul üzrə bir növ “planlaşdırma”ya ehtiyac var. Bu planlaşdırma kənardan verilən təklif, yaxud göstəriş əsasında deyil, hasilatçı tərəfindən könüllülük əsasında olmalıdır. Bu isə asan başa gələn məsələ deyil. Çünki, bu addımın başlıca parametrləri ağıllı idarəetmə, intellektual səviyyə, təcrübə və təhqiqat tələb edir. Kor-koranə planlaşdırma daha dərin fəsadlara yol aça bilər. Buna görə də tək OPEC-in öz üzvləri arasında razılığa gəlməsi məsələnin həlli demək deyil.
OPEC-ə üzv olan ölkələrlə sərbəst hasilatçılar arasında razılığa gəlinməsi bu işdə mühüm şərtdir. Sentyabr ayında OPEC çoxdan gözlənilən qərarı verib. Hasilatın sabit saxlanılması barədə üzv ölkələr arasında razılığa gəlinib. Lakin heç bir sənəd imzalanmayıb. Bu, onu göstərir ki, belə ərarlar çox sürüşkən olur. Bu səbəbdən də imzalı yox, şifahi razılıqla kifayətləniblər. Amma vəziyyətin ürəkaçan olmaması öz təsirini göstərib. OPEC-in “baş podratçısı” Səudiyyə Ərəbistanı itirdiklərini geri qaytarmaq üçün hasilatın azaldılmasına prinsipial yanaşır və verdiyi sözə əməl edir. Hətta razılığı qulaqardına vuran bir neçə üzvün də yükünü öz çiynində daşıyır.
Bir aylıq azalmanın xeyir verdiyini görən hasilatçılar OPEC və qeyri-OPEC ölkələrinin energetika nazirlərinin Vyanada görüşmələrini məqbul sayıb. Toplantıya Azərbaycan da dəvət alıb və ölkəni bu müzakirələrdə energetika naziri Natiq Əliyev təmsil edəcək.
Vyana toplantısında əsas müzakirə mövzusu xam neft hasilatının azaldılması və ya dondurulması, eləcə də bunun hesabına cari qiymətlərin mümkün artırılması ilə bağlı olacaq.
Belə görünür ki, OPEC son dövrlərdə neft hasilatı sahəsində Azərbaycanla da fəaliyyətinin koordinasiya edilməsinə xüsusi önəm verir. Bu, nəyin göstəricisi ola bilər? Təbii ki, enerji daşıyıcıları sahəsində Qafqaz regionu üzrə Azərbaycanın rolunu artırması və liderliyə yüksəlməsi ilk amildir. Amma bu amilin arxasında mükəmməl siyasət durur. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin birtərəfli şəkildə neft hasilatının artırılmayacağı barədə verdiyi bəyanat müəyyən mənada digər ölkələrə örnək olub. Ərazisi işğal edilmiş, bir milyon qaçqın və məcburi köçkünün problemlərini yaşayan ölkədən bu cür cəsarətli addım hər bir halda nümunə göstərilməyə layiqdir. Lakin burada başqa, daha önəmli məsələ var. Azərbaycan daha iqtisadiyyatı neftdən asılı olan dövlət deyil. Başlıca iş budur. Neft hasilatının adiləşərək sənayenin digər sahələri ilə tarazlaşması iqtisadi böhrandan qorunmağın və onu dəf etməyin əsas prinsipidir. Çox ola bilsin ki, Azərbaycanın bu təcrübəsi digər neft hasilatçılarının öyrənməsi və tətbiq etməsi üçün daha böyük dəyər kəsb edəcək.
Bütün bunlarla yanaşı, ümid edək ki, Vyana görüşü səmərəli olacaq, OPEC və digər hasilatçı ölkələr ümumi konsepsiya işləyib hazırlamağa nail olacaqlar.

N.NOVRUZ