Kiçik və orta sahibkarlığın iqtisadiyyatdakı rolu: Beynəlxalq təcrübə və Azərbaycan

25 Oktyabr 2016 16:38 (UTC+04:00)

İnkişaf etmiş ölkələrdə mövcud müəssisələrin 99 faizi KOS-lardır

Adından da göründüyü kimi, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin iqtisadiyyatda oynadığı rol iri müəssisələrə nisbətən daha əhəmiyyətlidir. Xüsusən də ümumi daxili məhsulun (ÜDM), məşğulluğun artırılması, eyni zamanda büdcənin vergi ehtiyaclarının ödənilməsi kimi məsələlərində KOS-lar əvəzedilməz imkanlara malikdir. Odur ki, inkişaf arzusunda olan dövlətlərdə KOS-lara dəstək sahibkarlığa dəstəyin əsas növü hesab olunur. Elə təcrübə də KOS-ların iqtisadi inkişafın əsas təminatçısı, məşğulluğun və yeniliklərin vacib mənbəyi olduğunu təsdiqləyir. Nəzərə alaq ki, inkişaf etmiş ölkələrdə mövcud müəssisələrin 99 faizi KOS-lardır. KOS-ların məşğulluqda payı 50-70, ümumi daxili məhsul istehsalında isə 50-60 faiz arasında dəyişir.

Ölkənin iqtisadi inkişafı KOS-ların vəziyyətindən birbaşa asılıdır

KOS-lar eyni zamanda inkişaf etməkdə olan ölkələrin də makroiqtisadi səhnəsində önəmli rola malikdirlər. Ancaq zəif inkişaf edən ölkələrdə KOS-ların payı həm ÜDM istehsalında, həm də məşğulluqda bir qədər kiçikdir. Belə ki, inkişaf etmiş ölkələrdə ÜDM istehsalında KOS-ların töhvəsi 50%-ə yaxın olduğu halda, bu rəqəm orta keçid mərhələsinə malik olan ölkələrdə 40, zəif templə inkişaf edən ölkələrdə isə 30 faiz ətrafında dəyişir. Məşğulluğun təmin edilməsində isə inkişaf dərəcəsinə görə müvafiq olaraq KOS-ların payı 45, 36, 30 faiz ətrafındadır. Göründüyü kimi, ölkənin iqtisadi inkişafı KOS-ların vəziyyətindən birbaşa asılıdır. KOS-ların iqtisadiyyatda bu dərəcədə önəmli çəkiyə sahib olması isə onların xüsusiyyətləri ilə əlaqədardır. Çünki, KOS-lar daha az investisiya ilə daha çox istehsal və məhsul müxtəlifliyi əldə etməyə malikdir. Eyni zamanda iqtisadi dalğalanmalar KOS-lara daha az təsir göstərir. Bundan başqa, tələbata və müxtəlifliklərə rahat uyğunlaşa, bölgələrarası tarazlı iqtisadi inkişafı təmin edə bilirlər. Ən əsası, gəlir bölgüsündəki ədalətsizliyi minimum səviyyəyə endirirlər. Bu kimi xüsusiyyətlər KOS-ların ölkə iqtisadiyyatında vacib problemlərin həllində əsas iştirakçı olmasına imkan verir. Nəzərə alaq ki, maaşlı çalışanların yarıdan çoxu məhz kiçik və orta böyüklükdəki müəssisələrdədirlər.

KOS-ları daha effektiv hala gətirmək üçün maddi yardım, nağd ödəmə, vergi güzəştləri və s. kimi çeşidli təşviq vasitələrindən istifadə olunur

Qeyd edək ki, Avropa Birliyi ölkələrində kiçik və orta sahibkarlıq mənsubu şirkətlər 3 qrupa bölünür: mikro, kiçik və orta şirkətlər. Mikro şirkətlərə işçi sayı 10 nəfərdən az, illik dövriyyəsi isə 2 milyon avro, kiçik şirkətlərə işçi sayı 50 nəfərdən az, illik dövriyyəsi 10 milyon avro, orta böyüklükdəki şirkətlərə isə işçi sayı 250 nəfərdən az, illik dövriyyəsi 50 milyon avroyadək olan biznes subyektləri aid edilir. Məlumat üçün bildirək ki, dünyada KOS-ları daha effektiv hala gətirmək üçün maddi yardım, nağd ödəmə, vergi güzəştləri və s. kimi çeşidli təşviq vasitələrindən istifadə olunur.

Dövlətin yaxından iştirakı ilə ixtisaslaşdırılmış sahə bankları yaradılmalıdır

Azərbaycan qanunlarına əsasən, kiçik sahibkarlıq subyektləri dedikdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (sadələşdirilmiş vergi ödəyiciləri) və işçi sayı ilə dövriyyəsi kiçik olan hüquqi şəxslər nəzərdə tutulur. Bu ildən etibarən “İri, orta və kiçik sahibkar meyarları” haqqında qərara edilən dəyişikliyə görə, illik gəliri 200 min manatadək olan sahibkarlar kiçik sahibkar, illik gəliri 200 min manatdan 1 milyon 250 min manatadək olan sahibkarlar orta sahibkar hesab edilir. Halbu ki, indiyə qədər işçilərinin orta siyahı sayı 25 nəfərədək, illik gəliri 120 min manatadək olan sahibkarlar kiçik sahibkarlar, işçilərinin orta siyahı sayı 25 nəfərdən 125 nəfərədək, illik gəliri 120 min manatdan 1 milyon 250 min manatadək olan sahibkarlar orta sahibkar hesab edilib. Qeyd edək ki, 2016-cı ilin 1 iyul tarixinə əsasən ölkədə fəaliyyət göstərən müəssisələrin 83017 vahidi və ya 79,7 faizi kiçik müəssisələr olub. Onların əsas hissəsi ticarət (31,2%), digər sahələrdə xidmətlərin göstərilməsi (13,5%), tikinti (12,1%) və kənd təsərrüfatı (10,7%) sahələrində yaradılıb. Kiçik müəssisələrin 56,7 faizi Bakıda, 12,7 faizi Aran, 7,0 faizi Abşeron, 6,1 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlardadır. Ancaq ölkədə fəaliyyət göstərən müəssisələrin böyük hissəsi kiçik və orta sahibkarlıq subyektləri olsa da, (92%), bu sektorun ümumi daxili məhsul (ÜDM) və məşğulluqdakı pay kiçikdir. Kiçik və orta sahibkarlıq müəssisələrinin yaratdığı əmtəə və xidmətlərin ÜDM-dəki payı cəmi 3%, məşğulluqdakı payı isə cəmi 8%-dir. Sadalanan statistik məlumatlardan da göründüyü kimi, ölkəmizdə KOS-ların inkişaf etdirilməsinə ciddi ehtiyac var. Qeyd edək ki, Azərbaycanda KOS-ların inkişafına, o cümlədən maliyyələşməsinə dövlət dəstəyini təmin edən Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Azərbaycan İnvestisiya Şirkəti kimi təsisatlar fəaliyyət göstərir. Mütəxəsssislər kiçik və orta sahibkarlıq subyektlərinin ucuz, güzəştli və uzunmüddətli maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün bir sıra tədbirlərin görülməsi vacib hesab edir: Məsələn, ekspertlərin fikrincə, 2016-2020-ci illəri əhatə edən kiçik və orta sahibkarlığa dəstək dövlət proqramının işlənməsi və həyata keçirilməli, qanunvericilikdə sahibkarlıq subyektləri onların ölçüləri əsasında təsnifləşdirilməli, mikromüəssisələr anlayışının qanunvericiliyə daxil edilməlidir. Eyni zamanda özəl kredit bürolarının yaradılmasını təklif olunur. Həmçinin dövlətin yaxından iştirakı ilə ixtisaslaşdırılmış sahə banklarının yaradılmasının vacibliyi önə çəkilir. Bundan başqa KOS-lara verilən kreditlərinin sığortalanması və təminat fondu yaradılması vurğulanır. Həmçinin qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və KOS-ların bazara çıxışını stimullaşdırmaq üçün qanunvericilik bazasının təkmilləşdiriməsinə ehtiyacın olduğu deyilir. Bütün bunlarla yanaşı KOS-ların xarici maliyyə bazarlarına çıxışını təmin etmək üçün yerli qiymətli kağızların xarici fond bazarlarında ticarətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması və müvafiq ticarət sisteminin tətbiq edilməsi təklif olunur. Ən nəhayət kiçik biznesin dəstəklənməsi üçün hökumət tərəfindən mikromaliyyələşmə proqramının həyata keçirilməsi, françayzinq, faktorinq, lizinq kimi xidmətlərin geniş vüsət alması üçün güzəştlər sisteminin və normativ aktların hazırlanmasının vacibliyi vurğulanır.

Mübariz BAYRAMOV

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəsətyi Şurasının maliyyə dəstəyi ilə "İqtisadi və Sasial İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən icra edilən “Qeyri-neft sektorunun inkişafı kontekstində kiçik və orta sahibkarlığın dəstəklənməsi və iqtisadi sistemdə rolunun gücləndirilməsi" layihəsi çərçivəsində hazırlanıb.