Göyərçinə görə Saray sakinini öldürən şəxsə 14 il cəza verildi

25 Oktyabr 2016 17:00 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsində qətl törətməkdə təqsirli bilinən Qüdrət Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Movqe.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev təqsirləndirilən şəxsə 15 il 6 ay cəza istəyib. Məhkəmənin hökmü ilə Q.Kərimov 14 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il fevralın 2-də saat 12:50 radələrində Q.Kərimov 1982-ci il təvəllüdlü Kamran Babayevi Saray qəsəbəsindəki evinin qarşısında “Makarov” markalı odlu silahdan atəş açmaqla qətlə yetirib.

K.Babayev fevralın 6-da xəstəxanada vəfat edib. Məlum olub ki, hadisəyə səbəb göyərçin üstündə yaranan münaqişə olub. Hadisədən bir gün əvvəl göyərçin saxlayan K.Babayevlə Q.Kərimov arasında mübahisə düşüb, sonradan bu mübahisə davaya çevirilib.

Cinayəti törədən Q.Kərimov polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə ittiham edilib./trend/